Bakı, 21 oktyabr, AZƏRTAC
Təhsil naziri Mikayıl Cabbarov “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin keçirilməsi haqqında” əmr imzalayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən, “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələrinin təşkili və bu prosesin tənzimlənməsi ilə əlaqədar kollegial qərarların qəbul olunmasını təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradılıb. Həmçinin müsabiqələrdə iştirakla bağlı Təşkilat Komitəsinə daxil olan sənədlərin müəyyənləşdirilmiş qaydada ekspertizasını aparan işçi qrupunun tərkibi təsdiqlənib.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamının icrası ilə əlaqədar hər il keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqələri yaradıcı müəllimlərin və səmərəli idarəetmə fəaliyyəti ilə fərqlənən ümumtəhsil məktəblərinin aşkara çıxarılmasında mühüm rol oynayır.