Bakıda transformatorda xəsarət alan gənclər haqqında yeni xəbər

Bakıda transformatorda xəsarət alan gənclər haqqında yeni xəbər
11:57 22 Oktyabr 2015
280 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verildiyi kimi, ötən gün Bakının Nəsimi rayonunda transformatorun içərisində elektrik cərəyanı vuran gənclər öz günahlarının ucbatından xəsarət alıblar.

Bu barədə "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev baku.ws-ə açıqlamasında bildirib. Qurum rəsmisinin sözlərinə görə, bütün yerlərdə quraşdırılan transformatorlar xüsusi qoruyucu qutunun içərisində olur. Həmin qutu da xüsusi tikilmiş yerdə olur. Oranın də qapısı bağlı olur.

"Allah şəfalarını versin. Gəncdirlər, yəqin, sevgidən nə etdiklərini bilməyiblər. Həmin gənclər qıfılı qıraraq içəri giriblər. Yüksək gərginlikli naqillərə toxunublar və faciə baş verib", - deyə Tanrıverdi Mustafayev bildirib.

Qurum rəsmisi deyir ki, hər bir işıq kontoru, yüksək enerji keçən ərazilər və transformator qoyulan yerlərdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə qorunur. Üstəlik həmin ərazilərə "TƏHLÜKƏLİDİR" xəbərdarlığı da vurulur.

"İnsanlar hər şeydən əvvəl öz həyatlarının qədrini bilməlidirlər. Özlərini qorumalı, qaydalara əməl etməlidirlər", - deyə Tanrıverdi Mustafayev vurğulayıb.

Xatırladaq ki, dünən Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və hələlik kimliyi məlum olmayan təxminən 18 yaşlarında qız 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub.
 
Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.
 
Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/377172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR