Yevlax, 23 oktyabr, AZƏRTAC
Yevlaxda “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda keçirilən konfransda xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində görülən işlərdən danışılıb.
AZƏRTAC xəbər verir ki, konfrans İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilib.
Aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrinin və 200-dən çox istehlakçının iştirak etdiyi tədbirdə çıxış edən Xidmətin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının etibarlı qorunmasında maarifləndirmənin əhəmiyyətini vurğulayaraq, qurum tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb.
Qeyd olunub ki, 2015-ci ilin yanvar-sentyabr ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 63 minə yaxın buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 5240 yaddaş kitabçası hazırlanaraq paylanıb. Gündəlik istehlakda geniş istifadə olunan müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının istehlak xassələri və mal alarkən istehlakçıların nələrə diqqət etməsi, o cümlədən ticarət, ictimai-iaşə və digər xidmət sahələrində istehlakçıların bilməli olduqları məsələlərlə bağlı 34 adda maarifləndirici məlumat müxtəlif kütləvi informasiya vasitələrində yayımlanıb.
Tədbirdə, həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanılıb.