Tokio, 25 oktyabr, AZƏRTAC
Tokioda Türkiyənin Yaponiyadakı səfirliyi yaxınlığında baş verən qarşıdurmada bir neçə nəfər xəsarət alıb.
Oktyabrın 25-də yerli vaxtla səhər 09:00-da Yaponiyada yaşayan Türkiyə vətəndaşları üçün noyabrın 1-nə planlaşdırılan növbədənkənar parlament seçkiləri ilə əlaqədar səfirlikdə səsvermə başlayıb.
İlkin məlumatlara görə, seçicilər səfirliyin açılmasına bir neçə saat qalmış burada toplaşmağa başlayıblar. Tokionun Şibuya rayonunda yerləşən diplomatik nümayəndəliyin qarşısına təqribən 500-dək insan toplaşıb. Kütlənin içərisində olan kürdlərlə türklər arasında qarşıdurma baş verib. Nəticədə ağır xəsarət almış yeddi nəfər xəstəxanaya yerləşdirlib.
Səs vermək istəyən seçicilər səfirliyə gəlməkdə davam edirlər və hazırda burada qələbəlikdir. Polis toplaşanlar arasında qarşıdurmaya imkan verməmək üçün lazımi tədbirlər görür. Ətraf küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Yolun kənarında içərisində xüsusi təyinatlılar olan polis avtobusları dayanıb.
Məlum olduğu kimi, noyabrın 1-də Türkiyədə növbədənkənar parlament seçkiləri keçiriləcək. İyunun 7-də keçirilən seçkilər zamanı heç bir partiya hakim statusunu qazana bilməyib və siyasətçilərin koalisiya yaratmaq cəhdi uğursuzluqla nəticələnib. Türkiyə Konstitusiyasına müvafiq olaraq, növbədənkənar seçkilər təyin olunub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio