Bakı, 27 oktyabr, AZƏRTAC
Təhsil nazirinin “Beynəlxalq fənn olimpiadalarının hazırlıq işlərinin təşkili barədə” əmrinə əsasən fizika, riyaziyyat, kimya, biologiya, informatika fənləri üzrə beynəlxalq olimpiadalara hazırlaşacaq VI-VIII və IX-XI sinif şagirdlərinin seçim turu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildiriblər ki, seçim turlarının əsas məqsədi 2016-cı ildə beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək namizəd şagirdləri müəyyənləşdirməkdir. Eyni zamanda, məktəblilərlə tədris ili ərzində hazırlıq işləri aparmaq və onların beynəlxalq olimpiadalarda daha uğurlu çıxışlarını təmin etməkdir.
VI-VIII siniflər üzrə seçim turunda Azərbaycanın müxtəlif bölgələrindən 300-dən çox şagird biliyini nümayiş etdirib. Turun nəticələrinə əsasən, 31-i BŞTİ-nin tabeçiliyində olan ümumtəhsil məktəblərinin şagirdləri olmaqla ümumilikdə paytaxt üzrə yüz şagird uğurlu nəticə göstərib.
IX-XI siniflər üzrə seçim turunda isə 500-dən çox şagird iştirak edib. Nəticələrə əsasən, ümumilikdə Bakı üzrə 85 şagird uğurlu nəticə göstərib.
Qeyd edək ki, tədris ili boyunca xüsusi proqram əsasında aparılacaq hazırlıq dərslərinə cəlb olunacaq həmin şagirdlər il ərzində sınaq imtahanları verəcəklər. Sınaq imtahanlarının nəticələrinə əsasən, ilin sonunadək komanda üzvləri müəyyənləşdiriləcək. Bununla belə, şagirdlər həm qış, həm yay tətili dövründə qış və yay olimpiada məktəblərinə cəlb ediləcəklər.
Fizika, riyaziyyat, informatika fənləri üzrə hazırlıqlar il boyu fizika-riyaziyyat və informatika təmayüllü liseydə, kimya və biologiya fənləri üzrə isə kimya biologiya təmayüllü liseydə keçiriləcək.