Bakı, 28 oktyabr, Nihad Budaqov, AZƏRTAC
İzmirin Əliağa rayonunda hazırda inşası davam etdirilən “Petlim” konteyner limanı gələn ilin yazında istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz məlumat verib. O, limanı dünyanın məşhur liman administratoru “APM Terminals” tərəfindən idarə ediləcəyini böyük bir şans olduğunu deyib.
“Əvvəl quru yük üçün istifadə olunan bir körpünü və arxasındakı logistika sahələrini birləşdirərək möhtəşəm bir liman inşa edilir. “Petlim” dünya standartlara cavab verən limanlardan biri olacaq. “Petlim” 700 metr uzunluğunda sahil xəttinə malik, böyük gəmilərin yan ala biləcəyi və saxlama anbarları olduqca yaxın olan limandır. Hazırda limanın 450 min kvadratmetr anbar sahəsi var və gələcəkdə bunun artırılması da mümkündür”, - deyə K.Yavuz bildirib.
Qeyd edək ki, ötən il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi və səhmlərinin 61,32 faizi SOCAR-a məxsus olan “Petkim PetroKimya Holding A.Ş.”nin törəmə şirkəti “Petlim Limancılık Ticaret A.Ş.” öz səhmlərinin 30 faizini 300 milyon dollara “Goldman Sachs” şirkətinə satıb. Hazırda limanın 70 faizlik hissəsi SOCAR-a, 30 faizlik hissəsi isə “Goldman Sachs”a aiddir. “Petlim”i Hollandiyanın “APM Terminals” şirkəti idarə edəcək.
“Petlim” Türkiyənin üçüncü, Egey dənizinin ilk böyük limanı olacaq. İlkin mərhələdə ötürücülük qabiliyyəti 1,5 milyon TEU olacaq limanın gücünün sonradan iki dəfəyədək artırılması planlaşdırılır.
“Petlim” konteyner limanı gələn ilin yazında istifadəyə veriləcək
“Petlim” konteyner limanı gələn ilin yazında istifadəyə veriləcək