Bakı, 30 oktyabr, AZƏRTAC
Ötən gün ərzində yağan intensiv yağışlar nəticəsində əsasən Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində təqribən 75-135 santimetr artım qeydə alınıb. Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-110, Kiçik Qafqazın çaylarında 150-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 300-700 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 182 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 234 kubmetr təşkil edib.
Suyun səviyyəsinin Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 21, Şirvanda 8, Salyanda 2, Bankədə 17, Araz çayının Novruzlu məntəqəsində isə 28 santimetr artdığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Surrada 400, Şirvanda 235, Salyanda 208, Bankədə 201, Novruzlu məntəqəsində isə 123 santimetrdir.