Bakı, 31 oktyabr, AZƏRTAC
Milli Məclisə seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Məzahir Pənahov əlaqələri ilbəil genişlənən iki ölkənin ali seçki qurumları arasındakı sıx əməkdaşlıqdan məmnunluğunu bildirib. Sədr vurğulayıb ki, qurumlararası münasibətlər və qarşılıqlı təcrübə mübadiləsi seçki praktikasının və seçki sisteminin inkişafında mühüm rol oynayır.
Seçkilərin müşahidəsi üçün dəvətə və görüşə görə təşəkkürünü bildirən Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Vladimir Çurov yenidən ölkəmizdə və Mərkəzi Seçki Komissiyasında olmaqdan məmnunluğunu bildirib.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, noyabrın 1-də Azərbaycan seçicilərinin azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə etmələri üçün hər cür şərait yaradılıb.
Görüşdə qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi də aparılıb.