Kəpəz TV (Region TV) xəbər verir ki, səsvermə prosesində müxtəlif peşə sahibləri iştirak edib ki, onlar arasında idman ictimaiyyətinin nümayəndələri də olub. Tək Gəncə yox, ölkə idmanının öndə gedən simalarında olan Müzəffər Qasımovla Elçin Zeynalov belə şəxslərdəndir.
London Yay Olimpiya oyunlarının qalibi Toğrul Əsgərovun şəxsi məşqçisi olan Elçin Zeynalov 38 saylı Nizami ikinci seçki dairəsinin 9 saylı məntəqəsində səs verib. Şöhrətli ordenli əməkdar məşqçi qeydiyyatda olduğu seçki məntəqəsində öz namizədini seçib.
Elçin Zeynalov- əməkdar məşqçi: "Doğrudan da bu gün çox əlamətdar bir gündür - Milli Məclisə seçkilər günüdür. Seçkilər çox şəffaf və demokratik keçirilir. Mən də öz vətəndaşlıq borcumu yerinə yetirmək üçün səs verdim".
Azərbaycan futbolunun məşhur siması, SSRİ birinciliyinin yüksək liqasında çıxış etmiş "Dinamo" Kirovabadın sabiq kapitanı Müzəffər Qasımov 38 saylı Nizami 2-ci Gəncə Seçki Dairəsinin 13 saylı məntəqəsində səsvermədə iştirak edib. "Kəpəz" Peşəkar Futbol Klubunun Müşahidə Şurasının qocaman üzvü 5-ci dəfə parlament seçkilərinə qatılıb.
Müzəffər Qasımov- veteran futbolçu: "Namizəd var, fikirləşdim ki, futbolun inkişafında onun böyük köməyi ola bilər, mən də elə o yoldaşa səs verdim. Fəallıq var idi. Bütün seçkilərdə iştirak etmişəm. Öz layiqli deputatımıza səs vermək hamımızın borcumuzdur".
Sonda əlavə edək ki, Elçin Zeynalov və Müzəffər Qasımov ilə yanaşı, Gəncənin ən tanınmış məşqçiləri və idmançıları gün ərzində seçki prosesinə qatılaraq, səs vermədən hüququndan yararlanıb.
Nəzərinizə çatıdıraq ki, sözügedən məntəqədə 1310 seçici qeydiyyata alınıb ki, onların da 8-i ilk dəfə parlament seçkilərində iştirak edir. Ən yaşlı seçicinin 93 yaşı olan məntəqədə 7 namizəd deputat olmaq üçün mübarizə aparır.
Səsvermə prosesində müxtəlif peşə sahibləri iştirak edib ki, onlar arasında futbol ictimaiyyətinin nümayəndələri də var.
Milli.Az