Bakı, 3 noyabr, Nihad Budaqov, AZƏRTAC
Dünyanın enerji nəhənglərindən olan ABŞ-ın “Chevron” və “Exxon Mobil” şirkətləri bu ilin üçüncü rübündə böyük zərərə uğrayıb. Ötən dövrdə “Chevron”un qazancı 64 faiz, “Exxon Mobil”in gəlirləri isə 47 faiz azalıb.
AZƏRTAC xəbər verir ki, bu ilin üçüncü rübündə “Chevron”un qazancı 2,04 milyard dollar olub. Neft qiymətinin ucuzlaşması ilə əlaqədar “Chevron” 2016-cı ildəki sərmayə xərclərini 2015-ci ilə nisbətən 25 faiz azaldaraq 25-28 milyard dollara çatdırmağı planlaşdırır. Şirkətin 6-7 min işçisini işdən çıxaracağı da bildirilir.
Dünyanın ən böyük neft şirkəti “Exxon Mobil”in bu ilin üçüncü rübündəki qazancı isə 4 milyard 24 milyon dollar olub.