Bakı, 3 fevral, AzərTAc
Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncədə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər üçün maarifləndirici tədbir təşkil edilib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, “Biznes ideyanı yarat”, “Öz biznesinə başla” mövzularında keçirilmiş treninqdə gənclərə biznes ideyanın yaradılması, SWOT təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri barədə ətraflı məlumat verilib.
Tədbirdə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlardan, o cümlədən investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemlərindən geniş bəhs edilib.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb.
Sonda treninq iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.