Kopenhagen, 5 noyabr, AZƏRTAC
Son bir ayda Danimarkada sığınacaq almaq üçün müraciət edən qaçqınlardan rekord sayda ərizə qeydə alınıb. Danimarka KİV-ləri bu barədə krallığın İnteqrasiya və İmmiqrasiya Nazirliyinə istinadla məlumat verir.
Nazirliyin bugünkü məruzəsində qeyd edilir ki, oktyabr ayında 3500 nəfər bu ölkədə sığınacaq istəyib. Bundan əvvəlki rekord göstərici 2014-cü ilin sentyabr ayında qeydə alınıb. O vaxt 3147 bu cür ərizə daxil olub.
Danimarka immiqrasiya xidmətinin məlumatına görə, cari ilin ilk doqquz ayı ərzində 9793 qaçqın bu ölkədə qalmaq arzusunu bildirib. Keçən il müvafiq ərizələrin sayı 14815 olub.
Baş nazir Lars Lökke Rasmussen çərşənbə günü parlamentdə çıxışında vurğulayıb ki, Danimarkaya gələn qaçqınların sayı ölkənin qəbul edə biləcəyi maksimum həddə yaxınlaşır. Hökumət başçısı xəbərdarlıq edib: “Əgər daha sərt siyasət yürüdülməsə, vəziyyət nəzarətdən çıxa bilər”.
Rauf Əliyev
AZƏRTAC—ın xüsusi müxbiri
Kopenhagen