Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı layihəyə start verilir.
Birlikdən AZƏRTAC-a bildiriblər ki, Bakıda keçiriləcək layihənin icrasının məqsədi gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara yol hərəkəti təhlükəsizliyi davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verməkdir. Həmçinin bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol hərəkəti təhlükəsizliyinin təminində məlumatlılığın artırılmasından ibarətdir.
Layihəyə cəlb olunacaq təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 30 gəncə iki ay müddətində şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları və s. mövzularda təlimlər və praktiki məşğələlər təşkil olunacaq.