Bakı, 6 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə 20 oktyabr - 20 noyabr tarixlərində respublikamızda keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində Xocalı və Sabunçu Rayon İcra hakimiyyətlərinin təşkilatçılığı ilə Xocalı rayon 2 saylı tam orta məktəbində görüş keçirilib.
Görüşdə Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların rifah halının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını, müvəkkilin təşəbbüsü ilə keçirilən “Uşaq hüquqları aylığı”nın da bu baxımdan xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Ombudsman Aparatının əməkdaşları görüşdə çıxış edərək ölkəmizin Konstitusiyasında, BMT-nin Uşaq Hüquqları Konvensiyasında, Uşaq hüquqları haqqında qanunda uşaqlara dair müddəalar, həmçinin ombudsmanın uşaq hüquqlarının müdafiəsi və təmini istiqamətində fəaliyyəti barədə məlumat veriblər.
Eyni zamanda, tədbirdə müvəkkil tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatların qəbul edildiyi və beynəlxalq təşkilatlara ünvanlandığı, həmçinin Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində “Biz sülh elçisiyik! Bizə qoşulun”! devizi ilə ölkəmizin müxtəlif guşələrində yaşayan və təhsil alan 310 mindən artıq məktəblinin, o cümlədən qaçqın və məcburi köçkün uşaqların imzalarının toplanaraq, BMT-nin baş katibinin uşaqlar və hərbi münaqişələr üzrə xüsusi nümayəndəsinə göndərildiyi diqqətə çatdırılıb.
Məktəbin şagirdləri çıxış edərək hüquqları və vəzifələri haqqında fikirlərini bildirib, “Azərbaycan” və “Qarabağ” mahnılarını ifa ediblər.
Ombudsman Aparatının uşaq hüquqları üzrə nəşrləri məktəbə təqdim edilib.