Bakı, 7 noyabr, AZƏRTAC
Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı Günü münasibətilə “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov müstəqilliyimizin rəmzi olan dövlət bayrağımızın yaranması tarixindən danışıb. O, hər birimizin tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyini, sovet imperiyasının əsarətindən qurtulandan sonra yenidən bərpa edildiyini qeyd edib. Bildirilib ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi qəbul edilib. Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezident İlham Əliyev də ölkəmizin milli dövlət rəmzlərini daim uca tutur. Azərbaycan Prezidentinin 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması haqqında, eləcə də 2009-cı il noyabrın 17 - də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncamlar dövlətimiz tərəfindən milli atributlarımıza verilən yüksək dəyərdir.
Daha sonra çıxış edənlər üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsini ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasında da öz əksini tapdığını bildiriblər.
Qeyd edilib ki, hazırda üçrəngli bayrağımız dünya dövlətlərinin bayraqlarının sırasında dalğalanmaqdadır.
Vurğulanıb ki, dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi hər bir ölkə vətəndaşının müqəddəs borcdur.