Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, Xalq Artisti Afaq Bəşirqızı 60 illik yubileyini səhnədə qeyd edib.
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də keçirilən yubiley tədbiri çərçivəsində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş edilib.
Tamaşaçılar teatrın foyesində Bəşir Səfəroğlu və Afaq Bəşirqızının sənət dünyasından bəhs edən fotosərgi ilə tanış olublar.
Səhnə əsərinin nümayişindən əvvəl jurnalistlərə müsahibə verən yubilyar gecənin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildir. Deyib ki, bu, əslində onun tamaşaçılarla görüşünə bir bəhanədir. Ömrünün qalan hissəsini də Azərbaycan teatrına, mədəniyyətinə həsr edəcəyini söyləyən Afaq Bəşirqızı bu şərəfli yolda bütün var qüvvəsini səfərbər etməyə hazır olduğunu vurğulayıb.
O deyib: “60 yaş insan ömrünün müdriklik zirvəsidir. Xüsusilə də bütün həyatını sənətə həsr etmiş sənətkar üçün belə bir zirvədə olmaq ikiqat məsuliyyət hissi yaradır”.
Sonra günümüzün reallıqlarını əks etdirən, gülməli olduğu qədər də kədər doğuran “Toya bir gün qalmış” tamaşası nümayiş olunub. Tamaşada yubilyar baş qəhrəmanı – Qadın obrazını canlandırıb.
Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, Əməkdar İncəsənət Xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Əməkdar Artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa ediblər.
Gözlənilməz situasiyalarla dolu bu komediyada səslənən musiqiləri tanınmış qarmon ustası, Xalq Artisti Ənvər Sadıqov ifa edib. O, eyni zamanda tamaşanın musiqi rəhbəridir.
İlk rollarından özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərərək, tamaşaçıların dərin rəğbətini qazanan Afaq Bəşirqızı yubiley gecəsində canlandırdığı obrazı ilə bir daha sənətdə nəyə qadir olduğunu sübut etdi.