Bakı, 4 fevral, AzərTAc
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İmişli rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, fond bu il yanvarın 29-da İmişli rayonunun Ölcələr kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, sahibkarlıq subyektlərindən müasir ailə fermer təsərrüfatlarının, çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, “yaşıl market” və kiçik fermer mağazalarının, intensiv bağçılıq təsərrüfatlarının yaradılması istiqamətində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyəri dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.
Sahibkarlar fevralın 4-dən etibarən investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az