Daşkənd, 11 noyabr, AZƏRTAC
Özbəkistanın “Uchildiz.uz” portalı Azərbaycanın Dövlət Bayrağı Günü haqqında özbək və rus dillərində “Müqəddəs bayraq” adlı məqalə yayıb.
Məqalədə deyilir ki, hər bir müstəqil dövlətin müqəddəs rəmzlərindən biri də bayraqdır.
Oxucuların diqqətinə çatdırılır ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü elan edilib. Elə o vaxtdan həmin gün Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Məqalədə bildirilir ki, indiki dövlət bayrağı 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cumhuriyyətinin (AXC) bayrağıdır və məhz 1918-ci il noyabrın 9-da AXC Hökumətinin iclasında üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub.
Qeyd edilir ki, 2010-ci ildə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib.
Paytaxtda Meydan üçün elə bir ərazi seçilib ki, dövlət bayrağı hər yerdən görünür. Meydanda quraşdırılan Azərbaycanın gerbi, dövlət himninin mətni və ölkənin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
Burada Dövlət Bayrağı Muzeyi də yaradılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd