İslamabad, 14 noyabr, AZƏRTAC
Pakistan-Azərbaycan Media Forumu (PAMF) Azərbaycanın Konstitusiya Günü münasibəti ilə İslamabaddakı Baydar-e Fikir Düşüncə Mərkəzində mərasim keçirib.
Pakistanın siyasi və ictimai xadimlərinin, elm adamlarının, KİV nümayəndələri iştırak etdikləri tədbirdə PAMF-nun sədri, jurnalist Raja Cavid Əli Batti Azərbaycan Konstitusiyası haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti meydana çıxmışdı. Bunun üçün Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradıldı, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verildi. Nəhayət, 1995-ci il noyabrın 12-də referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olundu.
Pakistanın sabiq xarici işlər katibi Əkrəm Zəki Media Forumun təşkil etdiyi tədbirlər yüksək qiymətləndirib. Qeyd edib ki, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiya yaratmağa imkan olmayıb və dövlət süquta uğrayıb. Müstəqil Azərbaycanın Əsas Qanunun yaradılması məhz dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir.
İslamabad Şəhər Məhkəməsinin vəkili Fərrux Dall, Doktor Sacid Xakvani, Ekoloji Nəzarət ictimai birliyinin sədri Şumayla Batti Azərbaycan Konstitusiyasını demokratik ruhlu Əsas Qanun adlandırıblar.
Tədbirə dair ətraflı məlumatları bu linklərdən əldə etmək mümkündür: http://statestimes.net/news/2015/11/12/pamf-celebrates-azerbaijan-constitution-day-2/
http://dailynht.com/epaper/main.php?action=epaper&id=main&page=2&dt=13-11-2015
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad