Biləsuvar, 16 noyabr, Mahir Babayev, AZƏRTAC
Noyabrın 16-da “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyanın Biləsuvar rayonundan olan iştirakçıları - IX və XI sinif şagirdləri, onları müşayiət edən müəllimlər Gəncə-Göygöl-Şəmkir marşrutu ilə qərb bölgəsinə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, tur-aksiya iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.
Qrupun rəhbəri, rayon icra hakimiyyətinin işçisi Ləman Yüzbaşova dedi: “Üçüncü dəfədir ki, ölkəmizdə məktəblilər üçün belə bir aksiya təşkil edilir. Maarifləndirici tur-aksiya təkcə regionlarla tanışlıq məqsədi daşımır. Səfər zamanı şagird və müəllimlər müxtəlif maraqlı tədbirlərdə iştirak etmək imkanı da əldə edəcək. Bizə bu imkanı yaradan, diqqət və qayğını əsirgəməyən Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.
Tur-aksiyanın digər iştirakçıları - Yuxarı Ağalı kənd tam orta məktəbinin müəllimi Aqil Bəşirov, şəhər 4 saylı tam orta məktəbin XI sinif şagirdi Ülkər Məmmədzadə və başqaları bu səyahətin təşkilindən hədsiz razılıqlarını ifadə etdilər.
Valideyn Nəsimi Sultanlı ürək sözlərini dilə gətirərək dedi: “Dövlətimizin başçısı gələcəyimiz olan uşaqlara xüsusi qayğı göstərir. Hər yerdə yeni məktəblər, uşaq bağçaları, idman kompleksləri tikilib istifadəyə verilir. Bu tur-aksiya həmin qayğının daha bir təzahürüdür. Övladımın da bu aksiyada iştirak etməsindən çox məmnunam”.
Sonra məktəblilər xüsusi avtobusla yola salındı.
Biləsuvarlı 35 məktəbli dörd gün ərzində Gəncə şəhərini, Göygöl və Şəmkir rayonlarını gəzəcək, bu məkanlarla yaxından tanış olacaqlar.



