Bakı, 5 fevral AzərTAc
Azərbaycan müstəqillik əldə etdikdən sonra çox böyük inkişaf yolu keçib və qısa müddətdə nəhəng layihələrə imza atıb.
Bunu Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İsmail Alper Coşkun “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsi ilə tanışlıq zamanı söyləyib.
Bu barədə AzərTAc-a “Avesta Concern”dən bildiriblər.
Şirkətin prezidenti Hacı İbrahim Nehrəmli layihə haqqında geniş məlumat verib. “Avesta Concern”in prezidenti qeyd edib ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olması və Azərbaycanın sürətli inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müdrik siyasətin nəticəsidir və bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
“Khazar İslands” layihəsi çərçivəsində bir neçə türk şirkəti ilə əməkdaşlıq etdiklərini, layihəyə maraq göstərəcək Türkiyənin digər şirkətlərini də Bakıda görməkdən məmnun olacaqlarını vurğulayan Hacı İbrahim Nehrəmli qardaş ölkənin iş adamları ilə işbirliyində maraqlı olduqlarını qeyd edib.
Səfir İsmail Alper Coşkun isə öz növbəsində bütün bu uğurların Türkiyədə sevinclə qarşılandığını vurğulayıb. “Khazar İslands” layihəsi də həmin uğurlardan biridir və layihədə imzası olan hər bir şəxs bununla fəxr edə bilər.
Görüşün sonunda səfir İsmail Alper Coşkun “Khazar İslands” layihəsi ilə bağlı görülən işləri yaxından izləyəcəyini bildirib.