Naxçıvan, 19 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi futbol üzrə muxtar respublika çempionatının 7-ci turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, mövsümün açılış oyununda ötən ilin çempionu “Araz-Naxçıvan” muxtar respublika çempionatında ilk dəfə məğlubiyyətlə üzləşib. Belə ki, Naxçıvan Dövlət Universiteti komandasının qonağı olan “Araz-Naxçıvan” ilk görüşdə meydanı məğlub tərk edib – 2:1. Bundan sonra keçirdiyi bütün görüşlərdə qalib gələn “Araz-Naxçıvan” hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Cari mövsümdə meydana çıxdığı bütün qarşılaşmaları qələbə ilə başa vuran “DİN-Darıdağ” komandası turnir cədvəlinə başçılıq edir. Onlar son turda “Əlincə” komandasını üstələyərək 21-ci xallarını qazanıblar. “Araz-Naxçıvan”la keçiriləcək görüş liderin dəyişməsinə səbəb ola bilər. Naxçıvan Dövlət Universitetinin komandası isə meydana çıxdığı 7 görüşdə iki dəfə məğlub olub.
Ötən illərdə olduğu kimi, cari mövsümün də autsayderləri yenə “Kəngərli” və “Sədərək” komandalarıdır. “Batabat” və “Babək” komandaları arasında keçiriləcək görüş isə təxirə salınıb. Bu matçda babəklilər qalib gələcəyi təqdirdə, turnir cədvəlində iki pillə irəliləməyə müvəffəq olacaqlar.