Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri üçün “Kapital Bank”a infotur təşkil edilib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, infoturun əsas məqsədi tələbələri bankın iş prinsipi ilə tanış etmək, onlara gələcək karyera seçimində istiqamət vermək və bank sektorunda çalışmağın üstünlüklərini açıqlamaqdır.
“Kapital Bank”ın əməkdaşları müxtəlif təqdimatlarla çıxış edərək tələbələrə qurumun fəaliyyəti, risklərin idarə olunması, kredit və depozit əməliyyatları, həmçinin, ümumi bankçılıq haqqında ətraflı məlumat veriblər.
Sonra kompyuter qarşısında əyləşən tələbələrə “FLEX CUBE” bank əməliyyat sistemində müştərilərə cari hesabların açılması prosesi və qaydaları əyani nümayiş olunub.
“Kapital Bank”ın insan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova tələbələrin banka qəbul prosedurları, təcrübə proqramları, karyera seçimi və digər məsələlərlə bağlı suallarını cavablandırıb. Bildirilib ki, gələcəkdə bankın korporativ sosial məsuliyyətli layihələri çərçivəsində müxtəlif təhsil yönümlü proqramların təşkili nəzərdə tutulub. Həmin proqramlar ali iqtisadi təhsil alan tələbələr üçün “Kapital Bank”da təcrübə keçmək imkanı qazandıracaq.