Eyyub Yaqubovu 2 həftə idi axtarırdıq. Gah dedik, şəhərdə çay içib danışarıq, gah dedik, ikimizin də dəvət edildiyimiz Tünzalə Ağayevanın konsertindən sonra söhbət edərik; nə isə vaxtı tutdura bilmədik. Nə yaxşı ki belə oldu. Çünki mənim məkan olaraq könlümdən keçən sənətçinin könül dostları ilə toplaşdığı yer idi. Eyyub Yaqubovla musiqi və eşq söhbətini onun özünü ən rahat hiss elədiyi, böyük layihələrinin, gözəl mahnılarının doğulduğu ocaqda etmək istəyirdim. Hiss edirdim ki, o heç yerdə rahat, sərbəst, söhbətcil olmayacaq. Ona görə də səbrlə o məkana dəvət ediləcəyim anı gözləyirdim. Şükür məsləhətinə - istədik, verdi. Fotoqraf Məğrur "hara gedirik" soruşanda yarızarafat, yarıciddi dedim: "Təkkəyə, dərvişlərin məkanına".
Məşhur "Sovetski"dəyik. Yuxarı məhəllədəki evin həyəti Bakının panoramasına açılır. Bir tərəfdə sökülən keçmiş, bir tərəfdə qurulan gələcək. Birincinin dəyəri ikincidən çox olsa da zaman ikincinin xeyrinə işləyir...
Qapını döyəndə belə "hardan başlasaq" sualı üstündə baş sındırırdıq. Mətləbə gələnə qədər uzaqlarda gəzişmələr edəcəyimiz aydın idi. Amma bu yolun Sibirdən başlayacağı ağlımızın ucundan belə keçməmişdi.
Eyyub Yaqubovun qonağı vardı - əsgərlik dostu Məmməd. Oğlunu da götrüb ünlü dostunu görmək üçün Şəkidən Bakıya gəlmişdi.
- 30 ildi görüşmürdük. Sibirdə - Kanskda bir yerdə əsgərlikdə olmuşuq. Telefon tapıb zəng elədi, mən də sevindim, bura dəvət elədim.
Söhbətdə şəkili varsa, deməli, bal kimidi:
- Sibirdə hərəkət eliyə bilmirdux. 52 dərəcə şaxta olurdu, üşüyürdux. İnanırsooz, neçə adam ordan burunsuz, qulaqsız, barmaqsız gəldi. Şükür, biz salamatux.
Əsgər yeməkxanasına məsul tatar zabit Kamalovdan, övladı döyüldüyü üçün hərbi hissəyə gəlib polkovnikin paqonlarını sökdürənə qədər mübarizə aparan həmyerlimizdən, zabit heyətinin şaxtada cənublu əsgərlərə verdiyi əziyyətlərdən keçən söhbət sıravi Eyyubun generalları musiqi ilə cəzalandırması hekayəsinə gəlir:
- Biz tikinti batalyonundaydıq. İnşaatçı Gününü bizim hərbi hissədə də keçirirdilər. Komandir pianist olduğumu bilirdi. Bir gün soruşdu ki, tədbirdə SSRİ-nin himnini çala bilərsən? Dedim, əlbəttə. Tədbir günü gəldi, generallar, polkovniklər, bütün zabit heyəti düzülüb sıraya, mən çalıram - da-ra-ra ra-ra-ram ra-ra-ra ra-ra-ra-ram... O himn həm uzundu, həm də musiqi sanki bir dairə üzrədir, bitdiyin yerdə yenidən başlaya bilirsən. Ürəyimdə dedim, aha, əlimə sizi soyuqda ayaq üstə saxlamaq üçün yaxşı imkan düşüb, indi baxarsız. Dairə bitən kimi, bir də başladım... Bir də, bir də... Düz yarım saat bütün zabit heyətini ayaq üstə "smirno"(fərəqətdə) saxladım. Himndi axı, yerlərindən tərpənə bilmirlər (gülürük). Başımı da qaldırmıram ki, heç kim mənə işarə verməsin.Yarım saatdan sonra "zampolit"in üzünə baxdım ki, gözündən od çıxır. Nə isə, bir dairə də vurdum, axır dayandım.
- Cəzalandırmadılar?
- Yox, sadəcə "zampolit" yaxınlaşıb dedi ki, "Yahubov, tı çto, somsem toqo çto li?" - yəni ağlın çaşıb?
Məclis əhlinin kefi kökdü. Cavan Bakılı balasının Sibirin çöllü-bəri biyabanında o boyda SSRİ ordusunun generallarını yarım saat ayaq üstə saxlaması bu gündən baxanda da hamıya ləzzət eləyir. Sıra musiqidədi:
- Eyyub bəy, bir dönəm sizin ard-arda çox gözəl mahnılarınız yarandı - "Kim bilir", "Mənə dəniz verin", "Yağış", "Yenə o bağ olaydı", "Abşeron", "Unutdun məni", "Bakı haqqında nağıl". Amma axır vaxtlar dönəmə möhür vuracaq hitlər yoxdu. Nə baş verir? Bəstəkarlarda, ümumiyyətlə musiqini yaradanlarda təb yoxdu?
- Zaman keçdikcə, yaradıcı adam yeni nələrsə istəyir. Saydığınız mahnılardan yenə var. Bəstəkarlar gətirir ki, bax, belə bir musiqi yazmışam. Baxıram, yaxşı mahnıdı. Amma o mərhələ artıq keçilib, oxusan, yenə seviləcək, ancaq sənin için daha onu istəmir, başqa bir şey axtarırsan.
- Necə bir şey?
- İzahı çətindi. Bu belə bir duyğu deyil, gedib kiməsə deyəsən ki, mənimçün bax belə bir musiqi yaz. Mən bunu son zamanlar başa düşmüşəm - belə hal gələndə sadəcə gözləyirsən ki, Allah həmin o axtardığını nə zaman göndərəcək. O gözləmədən sonra gec də olsa, Allah elə bir mövzu göndərir ki, o boşluq dolur. 1, ya da 2 musiqi ilə 100 mahnıya bərbər iş alınır.
- Onda gözləyək... Bir neçə gün qabaq sizi Tünzallə Ağayevanın xeyriyyə konsertində izlədim. Bərabər gözəl bir caz improvizasiyası ifa elədiz. Bu yaxınlarda başa çatan Bakı Caz Festivalını da diqqətlə izlədiyinizi bilirəm. Meyliniz daha çox caza sarıdı?
- Mən əslində pianoçuyam. Fortopiano ixtisası da belədir ki, orada bütün klassik musiqi keçilir - Baxdan, Motsartdan, Şopendən - Bethovenə qədər. Klassik musiqini biləndən sonra insan başqa musiqiləri daha asan qavrayır. O sıradan da cazı.
- Bəs muğam?
- Mənim xoşbəxtliyim həm də ondadır ki, Asəf Zeynallı adına musiqi texnikumunda oxuyanda Əlibaba Məmmədov məni "Humayun" ansamblına dəvət elədi. Bir tərəfdən klassik musiqi, bir tərəfdən də muğam, xalq musiqisi, bəstəkar mahnıları... Sonra başladım toylara getməyə. O da bir məktəbdi. Hərdən toy məsələsinə bir az barmaqarası baxanlar olur, ancaq düzgün yanaşma deyil. Mən bütün bu janrların, istiqamətlərin hərəsindən nələrsə götürdüm.
- Sizi sevənlər qədər tənqidçiləriniz də var. Ən çox da "blatnoy" mahnılarınıza görə tənqid olunursuz. Deyirlər ki, o mahnılar sənət deyil. Ciddi bəstəkarla işlədiyiniz dönəm daha çox bəyənilir. Belə tənqidlərə qulaq asırsız?
- İş ondadır ki, bunların hamısı bir-biri ilə bağlıdır. Bayaq dediyim mərhələlərdir. Həyatdı, yaşayırsan. Bir mərhələdə bir mövzu ilə yaşayırsan, onu ürəyinə yatan formada ifadə edirsən, başqa bir mərhələyə keçəndə sən artıq hisslərini başqa cür ifadə eləməyi öyrənirsən. Tənqid olunan şəhər folklorudu. Onu da sevmişəm, oxumuşam. O mənim uşaqlığımdı, mənə doğmadı. İnkişaf eləmiş bütün paytaxtlarda həmi o şəhər folkloru - şanson var. Biz bəstəkar Elçin İmanovla bu janrda neçə mahnı yazmışıq, bəyənilib, oxunub. "Ağabala Çaykovski", "Serıy popuqay", "Qarabala". "Sovetski" haqqında təzə bir mahnımız da var. Bəziləri özümə də deyirlər ki, siz lirik mahnılar oxusaz, daha yaxşıdı, o birilər sizə yaraşmır. Bir başqaları da deyir ki, sən Allah, o köhnə "blatnoy" mahnılarından oxu, darıxmışıq, qubar olduq ki... nə qədər olar, qəm, qəm, qəm? "Blatnoy" ruscadı, biz dildə bunun qarşılığını tapmaq bir az çətindi, amma mənası ciddi mətləblər haqqında qeyri-ciddi deməkdi. O mahnılarda paytaxt həyatının çox ciddi hadisələri incə yumorla deyilir. Bu asan deyil. Bu janrı bayağılıqla səhv salırlar, bu adama çox pis təsir eləyir. Bir var sadəlik, bir var, bayağılıq. Bunlar başqa-başqadı. O sərhədi görmək lazımdı. İndi kimsə ağzına gələni oxuyur, deyir, bu "blatnoy" mahnıdı. Amma orda "blatnoy"luqdan əsər-əlamət yoxdu. Məsələn, bizim Elçin İmanovla axırıncı "Sovetski" mahnımızda belə bir yer var:
Kriminal xəbərlərdə, birinci cərgələrdə
Tez-tez adı hallanardı Sovetskinin.
Kimi avtoritetdə, kimi alimliyində
Hər biri fəxri idi bu məhlənin.
Bu sözlər pisi ilə, yaxşısı ilə o həyatı canlandırır. Burda maska yoxdu, bu reallıqdı.
****
Söz Eyyub Yaqubovun 35 illik dostu mahir musiqiçi və ən əsası evin sahibi Vaqif Əsədovdadı:
- Bu küçə dünyanın elə bir unikal yeri idi ki, burada alim də, sənətkar da, oğru da yaşayıb və bir-birinə hörmət edib, hərəsinin öz yeri olub.
Eyyub Yaqubovun uşaqlıq dostu aktyor, görüşün səbəbkarı Əbdülqəni Əliyevin düzəlişi yerinə düşür:
- Sovet vaxtı belə bir ifadə vardı - harda ki, "Sovetski" küçəsi başlayır, orda sovet hökuməti "qurtarır".
Eyyub "pas"ı qəbul edir:
- Bu mövzuları oxumaq üçün həyatda da gərək onları yaşayasan, həmin o avtoritetlərlə təmasın olsun. Mənim böyük dayım elə "vor zakon" idi - indi biz buna "qanuni oğru" deyirik. Mən o mühitə də bələdəm, xəmirim orda yoğrulub. Ona görə də o mövzular mənə doğmadı.
Vaqif Əsədov hər insanın olduğu kimi görünməyinin tərəfdarıdır. "Sənət içdən gəlməsə ürəyə işləməz", deyir:
- Eyyub özünə yad heç nə oxumayıb. Nə oxuyubsa, Azərbaycandan oxuyub. O lirika da Azərbaycandı, bu şəhər folkloru da Azərbaycandı. Bir işi ürəkdən görəndə ortaya gözəl nəticə çıxır. Həyat həmin o müxtəliflikləri ilə gözəldir.
- Xalça kimi...
- Əlbəttə. Onda biz hər müğənniyə bir kostyum biçək, deyək ki, sən elə bununla gəzməlisən. Elə deyil axı... İnsan cürbəcür hallarda ola bilir, cürbəcür insanlarla rastlarşır, cürbəcür insanları sevir və sevgisini onlara öz dillərində qaytarmaq istəyir. Eyyub elə buna görə maraqlıdır ki, birtərəfli deyil.
- Novruz bayramı idi, Qoşa Qala Qapısından keçdim içəri şəhərə. Bir tərəfdə zurna-balaban, bir tərəfdə zərb, biri oynayır, biri oxuyur. Səslənən bizim milli musiqi alətlərimiz idi; amma mən sanki musiqi yox, küy eşidirdim. Orda az dayana bildim. Gəldim Sabir bağında oturdum, yaxınlıqda əyləşənlərdən birinin cib telefonu çaldı - Vaqif Mustafazadənin möhtəşəm "Mart"ı. O mahnı səslənəndə içimdə dedim ki, tapdım - Bakının səsi o zurna-balaban yox, bax budu.
- Siz Vaqif Mustafazadəni haçan dərk elədiz?
- Doğurdan, bayaq caz söhbətimiz yarımçıq qaldı. Kiçik idim, onun "Sevil" instrumental ansablı vardı. Onları çox dinləyirdim. Xalq musiqilərini yeni tərzdə ifa eləməkləri çox maraqlı gəlirdi. Bir gün atam evə onların "plastinka"sını alıb gətirmişdi. 5-də, ya da 6-da oxuyardım. O vaxtlar çatmırdı mənə. Uşaq idim, hiss eləyirdim ki, burda nəsə var, ancaq o nəsə mənə hələ aydın deyildi. Özüm də bilmədən düşdüm bu aləmin içinə. Bir də görürdün yolda gedəndə içimdə hansısa intonasiyalar yaranır, sonra onlar bir-birini əvəz edir... Belə-belə günlərin birində cazın ruhunu tutdum. Vaqifin vasitəsilə, belə deyək də çaydan dənizə keçdim, çıxdım həmin o böyük dairəyə. Caz çox maraqlıdır - bütün musiqiləri özündə birləşdirir. Ondan sonra başladım Bill Evensdən Mayls Devisə qədər, bir çox caz ifaçılarını dinləməyə. Bu böyük bir dünyadı. Musiqiçiyə musiqinin yalnız bir istiqamətlə tanış olmaq bəs eləmir. Bu janrları duyandan, bu okeana girəndən sonra istəyirsən ki, hər bir janrda ifa eləyəsən. İndi fikrimizdə cazla muğamın vəhdəti üzərində klassik şeirləri ifa eləmək var.
- Şeirləri seçmisiz?
- İmadəddin Nəsimidən, Seyid Əzim Şirvanidən, Məhəmməd Hadidən, Hüseyn Caviddən oxumaq istəyirik. Şeirin öz musiqisini tapmaq, muğamın strukturunu şeirə görə dəyişmək fikrindəyik. Bir var, şeiri muğamın qəlibinə salırsan, bu onun geyimi deyil a, zorla onun içərisinə yerləşdirmisən, bir də var, muğamı sözə uyğunlaşdırmaq. Onda muğam üstündə yeni melodiyalar əmələ gəlir. Əslində ilk nümunəni yaratmışıq. Hüseyn Cavidin "Şeyx Sənan" əsərindən bir parçanı muğam improvizasiyası üzərində ifa etmişik.
- Necə alınıb?
- Azana yaxın. Dostlar bəyənib.
- Haçan eşidəcəyik?
- Yəqin yaxınlarda üzə çıxararıq. İstəyirik bu sayaq davam edək.
***
Biz hələ tanış olmasaq da, Türkiyə seyrçiləri həmin musiqini dinləyib. Təsəvvüf kanalı MPL-də bu parça tez-tez səslənirmiş. Bu "sirrin" üstünü Vaqif Əsədov açır:
- Təxminən 1 il qabaq Eyyubu həmin kanala dəvət eləmişdilər. İfa etdi, bəyəndilər, xahiş elədilər, biz də verdik. Hədiyyə kimi.
- Həmin musiqinin Azərbaycan musiqsii olduğu qeyd olunur?
Cavab Eyyub Yaqubovdandı:
- Buna ehtiyac yoxdu. Biz onu Allah yolunda bir hədiyyə kimi verdik. Həmin kanala bir damla qədər də olsa qatqımız olsun, dedik.
- Söz mənim bayaqdan soruşmaq istədiyim məqama gəldi. Bu təsəvvüf qapısı necə açıldı sizin üçün?
- Atam həkim idi, eyni zamanda ədəbiyyatı çox sevirdi. Bizim evimizdə onun ədəbiyyat sevən dostları toplaşırdı, ədəbi məclislər keçirirdilər. Uşaq idim, çox mənaları anlamasam da, o ab-havanın içində idim. İndi düşünürəm ki, necə olur insanın Nizamini, Füzulini, Nəsimini, Şəms Təbrizini dərk eləmədiyi bir yaşında, o dünya insanı özünə cəlb edir? Deməli, insan mühitinin yaratdığı o enerjidən istər-istəməz qidalanır. İnformasiyanı kitabdan, internetdən almaq başqadı, canlı təmas başqa. Bunu gərək yaşayasan. Ona görə deyirlər ki, insan mühitində formalaşır. O yol bizim evimizdəki həmin o şeir məclislərindən başladı.
- Həqiqəti insan özü idrak edə bilər, yoxsa, Yunus Əmrənin dediyi kimi "bir kamil mürşidə varmasan olmaz"?
- Müəyyən yerə qədər həqiqəti özün axtarırsan. Ondan sonra mütləq o açarı sənə göstərən olmalıdır.
***
Mövzu Vaqif Əsədovda:
- Təsəvvüfün gözəlliyi ondadır ki, o dünyanın eşqlə dərk edilməsini mümkün sayır. Bu gün dünyada aləm bir-birinə qarışıb. Bütün bunlar insanların sevgini itirməsinin nəticələridir. Allah bizdən nə istəyir? Deyir, sevin, sevdirin, nifrət etməyin, nifrət elətdirməyin. Hər şey bu 4 sütunun üzərində qurulub. Təsəvvüf də. Orada insanın düşməni yoxdur. İnsan heç kəsə düşmən ola bilməz. Səndən tələb olunan Allahın yaratdıqlarını sevmək, sevdirməkdi. İnsan necə "Allahu əkbər" deyib baş kəsər? Dəhşətə gəlirəm... Mənə elə gəlir, bu gün təsəvvüfün əsl qayəsini - sevgini insanlara, xüsusən gənclərə başa salmaqdan böyük iş yoxdur. Dünyada ancaq sevgi ilə yaradılanlar əbədidir. Sənət sevgi, ilahi eşq üzərində qurulmasa, qalıcı olmaz. Dünya tarixində bunun nə qədər sübutları var. Eşqlə yaradılan sənət insanlığa, sevgiyə, Allaha xidmət edir. Bundan gözəl nə var? Bu işdə biz Eyyubla bir-birimizə yardım edirik. 1980-cı ildən tanışıq, bugünə qədər heç ayrılmamışıq. Cismən ayrılmışıq - mən gedib 15 il Fransada yaşamışam. Ancaq heç vaxt ayrı olmamışıq. Məni bu sevgilər yenidən Bakıya gətirib. İndi sevgi missiyamızı burda davam eləməyə başlamışıq, çevrəmizdəki insanlarla bir sevgi mühiti yarada bilmişik. İnsanlara da çatdırmaq istədiyimiz həmin o gözəllikdi.
- Bəs, yenilər varmı? Siz bu mərhələni kimə ötürürsüz?
- Biz açığıq. Biz kimisə sevmişik, ondan götürmüşük, kimsə bizi sevəcəksə, biz də ona ötürəcəyik.
***
Söhbət dönüb-dolaşıb Tünzalə Ağayevanın konsertinə gəlir.
- Eyyub bəy, Tünzalə ilə ifa etdiyiniz parçanı öncədən hazırlaşmışdız, yoxsa, bu, sırf improvizasiya idi?
- Cəmi 1 saat ansamblı ilə məşqinə qulaq asmışdım. Başqa heç nə. Tünzalənin sənətini çox bəyənirəm. Bu gün o, Azərbaycanda öz siması, öz yolu olan, Azərbaycanı dünyada tanıda bilən sənətçidi. Həm özü, həm onun "Hicaz" ansamblında işləyən hər bir musiqiçi. Tünzalənin oxuduğu da eşqdi, təsəvvüfdü.
- Deyirsiz yəni artıq Tünzalə xanım da nə oxuduğunun fərqindədir?
- Yaxşı dediz. Hə, fərqindədi. Çox gözəl oxuyur. Onda o vəhdət, o sintez alınır.
- Azərbaycan musiqisini dünyada təbliğindən söz saldız. Çox təəssüf, hələlik Azərbaycan sənətçilərini xaricdə dinləmək mənə qismət olmayıb, ona görə seyrçinin reaksiyasını canlı görməmişəm. Ancaq dəfələrlə başqa ölkələrdə konsert verən sənətçilərdən, xüsusən xalq musiqisi ifaçılarından eşitmişəm ki, əcnəbilər Azərbaycan musiqisini çox gözəl qarşılayır. Siz də xaricdə konsertlər vermisiz. Onlar bizim musiqini sənət nümunəsi kimi sevirlər, yoxsa ekzotika kimi?
- Mən dəfələrlə görmüşəm ki, Azərbaycan musiqisi fransızların, ingilislərin, eləcə də digər xalqların nümayəndələrinin qəlblərinə necə güclü təsir edib. Bunu konsert salonlarında da müşahidə eləmişəm, ailə çevrəsində də. Məsələn, qaynım fransız xanımla evlidir. Bir dəfə onların ailəsində qonaq idik. İtalyan qonşularını da dəvət eləmişdilər. Qaynım məni təqdim edəndə dedi ki, müğənniyəm. Məclis qızışandan sonra xahiş elədilər ki, nəsə zümzümə eləyə bilərsiz? Dedim, fikirləşim, bir şey oxuyaram. Dərhal götür-qoy elədim ki, elə bir melodiya seçiməliyəm ki, Avropa insanı üçün çatımlı olsun. Axırda "Sarı gəlin"də dayandım. Çünki orda həm ruh var, həm də xırdalıq çox deyil. Mənə elə gəlir, "Sarı gəlin"də təkcə Azərbaycanın yox, bütün Turanın ruhu var. O mahnını çox sevirəm. Gözümü yumdum, tələsmədən, aramla ifa eləməyə başladım. Mahnının ortasında gördüm hamısı fikrə gedib. Qəribə bir sakitlik yaranmışdı. Mahnı bitəndə hamısı ayağa durub məni bir-bir öpdü. Mənimçün çox xoş oldu, bir mahnı müxtəlif xalqların nümayəndələrini doğmalaşdırmışdı.
- Nə hiss eləmişdilər siz oxuyanda. Soruşduz?
- Biri dedi ki, yadıma uşaqlığım, anamın mənə nağıllar danışdığı vaxtlar düşdü, biri dedi ki, qəmli bir hekayəni xatırladım. Çox qəribə idi. Musiqi qəlb dilidi. Musiqi gözəldi. İçində sevgi olan bütün qəlblər musiqini anlayır.
Bütün anlayanlara salam olsun.
"Yeni Müsavat"








