Bakı, 24 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə noyabrın 24-də əlilliyi olan şəxslərin IX Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Respublika Rəssamlar İttifaqı ilə əməkdaşlıq şəraitində keçirilən sərgi-müsabiqədə respublikamızın bütün bölgələri üzrə 221 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın rəsm, xalçaçılıq, bədii tikmə, toxuma və hörmə, dulusçuluq, keramika, ağac üzərində oyma və metal üzərində işləmə, bədii tikmə və s. növlərdə hazırladıqları 762 əl işi nümayiş etdirilir.
Noyabrın 26-dək davam edəcək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən keçirilən tədbirdə müəyyən edilmiş nominasiyalar üzrə fərqlənənlərə mükafatlar təqdim olunacaq.