[ 06 Fevral 2015 17:56 ]



Bakı. Etibar Məmmədov – APA. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova mətbuat konfransı keçirib.

APA-nın xəbərinə görə, M. Zeynalova bildirib ki, Filippin vətəndaş Fe Diaz Lliantonun öz ölkəsinə göndərilməsi prosesinin gedişi ilə bağlı mətbuatda həqiqətə uyğun olmayan və “Təmiz Dünya”nın nüfuzuna xələl gətirməyə yönələn məlumatlar yayılıb: “DİN-in Baş Pasport və Miqrasiya İdarəsinin qanunsuz miqrasiyaya qarşı Mübarizə İdarəsinin Əməkdaşları tərəfindən 2013-cü il iyunun 10-da keçirilmiş tədbirlər nəticəsində Fe Diaz Lliantonun Bakı şəhəri, Nərimanov rayonu, S. Rəhimov küçəsi ev 35, mənzil 16 ünvanında olduğu müəyyən edilib. O, idarəyə ərizə ilə müraciət edərək yaşadığı ünvanda məcburi əməyə cəlb edildiyini bildirib, faktla bağlı cinayət işi başlanıb. Cinayət təqibi ilə əlaqədar insan alveri qurbanı olan Fe Diaz Llianto qanunvericilikdə müəyyən edilmiş qaydada martın 2014-cü il martın 24-dək Azərbaycanda müvəqqəti yaşamaq hüququ əldə edib. Onun müdafiəsi ilkin mərhələdə “Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib. Reabilitasiya və reinteqrasiya işinə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi cəlb olunub və zərərçəkmiş təşkilatın sığınacağında yerləşdirilib. Burada yaşadığı müddətdə onun sərbəstliyi təmin edilib, mobil telefonla istədiyi şəxslə əlaqə yaratmaq imkanı olub. 2014-cü il fevralın 12-də istintaq işi yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin çıxardığı hökmlə razılaşmayan zərərçəkmiş məhkəmənin hökmündən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Fe Diaz Llianto insan alveri qurbanı qismində tanınaraq, onun barəsində qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş reabilitasiya işləri tam şəkildə həyata keçirilib. Ona sosial, tibbi, hüquqi və maddi yardımlar göstərilib, müvəqqəti yaşama yeri ilə təmin edilərək, birdəfəlik müavinət verilib. Diaz Llianto Azərbaycanda daimi yaşamaq hüquq əldə etmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib, lakin ona icazə verilməyib”.

M. Zeynalova deyib ki, bundan sonra zərərçəkmiş şəxs ərizə ilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək könüllü şəkildə öz ölkəsinə qayıtmaq istədiyini bildirib və müraciəti nəzərə alınaraq, digər xərcləri tam ödənilməklə, o, ölkəsinə yola salınıb: “Ancaq təəssüf ki, “AzNews” saytında bu məqamlar verilməyib və “Mehriban Zeynalovanın adı insan alverində hallanır” başlıqlı yazı dərc olunub. Bildirilir ki, guya mən Diaz Lliantonun deportasiya edilməsinə kömək göstərmişəm. Yazıda iddia olunur ki, mən bunun qarşılığında ondan müəyyən məbləğdə pul almışam. Mən bəyan edirəm ki, heç vaxt heç bir cinayətkarla danışmamışam, bunlar hamısı şər-böhtandır”.

M. Zeynalova qeyd edib ki, saytda məlumat yayılarkən onun rəyi öyrənilməyib və bu halı hüquqlarının pozulması kimi qiymətləndirir. O, bununla əlaqədar saytı və onun baş redaktorunu məhkəməyə verəcəyini vurğulayıb: “Məhkəmədə saytın bağlanması məsələsini qaldıracağıq”.

“AzNews.az” saytının baş redaktoru Elçin Zahiroğlu isə APA-ya açıqlamasında M. Zeynalovanın ittihamları ilə razılaşmayıb: “Onun məni nə üçün məhkəməyə verdiyini anlamıram. Çünki burada ittiham edən tərəfin fikirlərini əsaslandıran və onun təqdim etdiyi sənəd var və buna görə də biz bu məlumatı yaymışıq. Yazı iş günü bitdikdən sonra sayta qoyulub. Yazını hazırlayan müxbir həmin vaxt Mehriban Zeynalovanın mövqeyini öyrənə bilməyib, ancaq səhəri gün sübutlar da var ki, buna dəfələrlə cəhd etmişik. Nəinki biz, hətta başqa mətbuat orqanları da ondan mövqe öyrənmək istəyib, lakin o, sanki bunu gözləyirmiş kimi, danışmaq istəmədiyini və hüquq çərçivəsində öz tədbirini görəcəyini bildirib. Yazıda göstərilən adam ölkədən deportasiya olunub, əslində isə, qanunla bu olmamalı idi. Bu şəxsi Miqrasiya Xidməti deportasiya edib. Yazıda xidmətin rəsmi məktubu da əks olunub ki, həmin şəxsin deportasiyası üçün çəkilən xərcləri Mehriban Zeynalovanın rəhbərlik etdiyi təşkilat ödəyib. Bu, rəsmi sənəddir. Əgər səhvdirsə, onları məhkəməyə versin”.