Səmərqənddə Azərbaycan mədəniyyət günləri çərçivəsində müxtəlif tədbirlər keçirilib

Səmərqənddə Azərbaycan mədəniyyət günləri çərçivəsində müxtəlif tədbirlər keçirilib
14:58 8 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Səmərqənd, 8 dekabr, AZƏRTAC
Ölkəmizin Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Səmərqənd vilayət hakimiyyəti və diaspor təşkilatı ilə birgə bu qədim şəhərdə Azərbaycan mədəniyyəti günləri keçirib.
Mədəniyyət günləri çərçivəsində 200 hektar ərazini özündə birləşdirən qədim yaşayış məskənində yerləşən “Əfrasiyab” Dövlət Tarix Muzeyində (DTM) “Azərbaycan” sərgisinin açılışı olub. Sərgidə ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı eksponatlar, Azərbaycan milli qadın və kişi geyimləri, xalçalarımız, milli musiqi alətləri, kəlağayılar, habelə ölkəmizin mədəniyyətinə, xalçaçılıq sənətinə dair kitablar nümayiş etdirilib.
Səmərqənd Muzey-Qoruğunun baş direktoru Xojakul Muxammediev Azərbaycanla Özbəkistanın qardaş ölkələr olduğunu bildirib, iki xalq arasında dostluğun qədim tarixindən danışıb. O, Azərbaycan mədəniyyətinin qədim və zəngin olduğunu, Özbəkistanda həmişə maraqla qarşılandığını söyləyib.
X. Muxammediev sərgidə nümayiş etdirilən suvenir və eksponatların muzeyə bağışlanmasına görə AMM-nə təşəkkür edib və deyib ki, eksponatlar müntəzəm olaraq muzeyin ekspozisiyasında nümayiş etdiriləcək.
Səfirliyimizin birinci katibi, AMM-nin direktoru Samir Abbasov iki xalq arasında mədəni-ədəbi sahədə əlaqələrin inkişafından danışıb. O, əmin olduğunu bildirib ki, DTM-də yaradılan "Azərbaycan" sərgisi vasitəsilə həm səmərqəndlilər, həm də bu şəhərə gələn turistlər Azərbaycan mədəniyyəti, adət-ənənələri haqqında geniş məlumat əldə edəcəklər. S.Abbasov Mədəniyyət Mərkəzinin layihəsi ilə Səmərqənddə Azərbaycan mədəniyyətinə həsr olunan silsilə tədbirlərin davam edəcəyini vurğulayıb.
Sonra iştirakçılar sərgi ilə tanış olub, onlara burada nümayiş etdirilən eksponatlar, Azərbaycanın maddi-mədəniyyət nümunələri haqqında məlumat verilib. AMM adından muzeyə "İrəvan xalçaları" adlı nadir albom və Heydər Əliyev Fondunun nəşri olan "Azərbaycan xalçaları" kataloqu bağışlanıb.
AMM-nin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri "Yallı", "Uzundərə" və digər milli rəqslərimizi ifa edib.
Mədəniyyət günləri çərçivəsində şəhərdəki Puşkin adına Səmərqənd Vilayət Mərkəzi Kitabxanasında "Odlar yurdu - Azərbaycan" adlı sərgi də təşkil olunub, burada "Azərbaycan guşəsi" yaradılıb.
"Azərbaycanı tanıyaq" layihəsi çərçivəsində kitabxanaya ölkəmizin tarixi, dövlətçilik ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin turizmi potensialı, mədəniyyəti və ədəbiyyatına dair çoxlu kitablar hədiyyə olunub.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Səmərqənd



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Semerqendde_Azerbaycan_medeniyyet_gunleri_cherchivesinde_muxtelif_tedbirler_kechirilib-909302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR