Teleradio məkanında ədəbi dilin qorunması ilə bağlı monitorinqin nəticələri açıqlanıb

15:38 11 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 11-də Milli Televiziya və Radio Şurasında (MTRŞ) Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” layihəsi əsasında ölkənin radio və televiziya kanallarında aparılan monitorinqin nəticələrinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, MTRŞ və Dilçilik İnstitutunun birgə apardığı monitorinqlər Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə, “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində aparılıb.
Monitorinqə İctimai TV, Xəzər TV, ANS TV, ATV, Space TV, Lider TV və Region TV-də yayımlanan verilişlərin dili cəlb olunub. Məqsəd milli telekanallarda yayımlanan verilişlərin dil mənzərəsi ilə bağlı vəziyyəti müəyyənləşdirmək, ədəbi dil normalarının pozulma hallarını aşkarlamaq olub.
Tədbirdə MTRŞ-nin sədrinin müavini Qafar Cəbiyev ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramları üzrə monitorinqlərin nəticələrinə dair ümumi məlumat verib.
Bildirilib ki, teleradio yayımçılarının efirlərində ədəbi dil qaydalarının dinamikası müsbətə doğru dəyişməkdədir, lakin hələ də problemlər var və onların aradan qaldırılması vacibdir. Bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb. Həmçinin filmlərin dublyajına nəzarət gücləndirilməlidir.
Monitorinq çərçivəsində bir sıra təkliflərin hazırlandığı da diqqətə çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Teleradio_mekaninda_edebi_dilin_qorunmasi_ile_bagli_monitorinqin_neticeleri_achiqlanib-910375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR