ANS PRESS-in məlumatına görə, Ria da Janeyro və Sao Paoloda minlərlə insan ölkənin futbol yığmasının sarı rəngli köynəklərində küçələrə çıxaraq, dövlət neft şirkətində ortaya çıxmış böyük korrupsiya qalmaqalına görə prezidenti və onun Fəhlə partiyasından gileylənib.
Etirazçılar ölkə parlamentini prezidenti istefaya göndərməyə çağırıb. İmpiçmentin təmin olunması üçün parlamentin Aşağı palatasının spikeri Eduardo Kunyanın təşəbbüsü ilə ayın əvvəli başlanılmış araşdırma hələ yekunlaşmayıb. Braziliya ali məhkəməsi parlamentdə impiçmentlə bağlı müzakirələrin müvəqqəti olaraq dayandırılmasına dair qərar çıxarıb.

Dilma Rusef - Braziliya prezidenti
Kunyanın iddialarına görə, Rusefin administrasiyası, büdcədəki boşluqları dövlət banklarından ayrılan transfertlər hesabında aradan qaldırmaqla ölkənin maliyyə qanunlarını kobud şəkildə pozmuş olub. Braziliya rəhbərliyi bu ittihamları rədd edir.
Dilma Rusef 2011-ci ildən Braziliya prezidentidir. O bundan əvvəl energetika naziri (2003 - 2005), Prezident adminstrasiyasının rəhbəri (2005 - 2010) vəzifələrində çalışıb.

