Qənirə Paşayeva Sakarya valisi ilə görüşüb

Qənirə Paşayeva Sakarya valisi ilə görüşüb
10:44 14 Dekabr 2015
27 Sosial
Ölkə mətbuatı
A- A+

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Sakarya valisi Hüseyn Avni Coşla görüşüb.  Lent.az-ın məlumatına görə. Sakarya Universitetində təhsil alan 470-dən çox azərbaycanlı tələbəni birləşdirən Öyrənci Topluluğunun rəhbəri və bir sıra üzvləri də görüşdə iştirak etdikləri görüş zamanı bu cür əlaqələrin hər iki ölkənin inkişafında mühüm rol oynadığını deyib.

 

O, Türkiyənin uğuru Azərbaycanın və bütün türk dünyasının uğuru, Azərbaycanın uğuru Türkiyənin və bütün türk dünyasının uğuru adlandırıb, Dağlıq Qarabağ və tarixi həqiqətlərdən danışıb: “Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. Ermənistanın Azərbaycanı işğalı zamanı 1 milyondan çox soydaşımız yurd-yuvasından didərgin düşüb”.

 

Q. Paşayeva Sakarya valisinə həmmüəllifi olduğu Türkiyə türkcəsində “Karabağ hikayeleri” kitabını hədiyyə edib, Azərbaycanla Sakarya arasında əlaqələrinin güclənməsinin də çox mühüm olduğunu qeyd edib: “Azərbaycanın bir çox şəhərləri və bələdiyyələri Türkiyənin şəhər və bələdiyyələri ilə qardaşlaşıblar. Sakaryanın da Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşması bu baxımdan önəmlidir”.

 

Millət vəkili valiyə “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabının da müəllifi olduğunu və kitabın növbəti hissələrində Sakaryanın da yer alacağını bildirib, Hüseyn Avni Coşu ölkəmizə dəvət edib.

 

Hüseyn Avni Coş da öz növbəsində millət vəkilinə “sizin sevincinizə biz də sevinir, kədərinizə ən az sizin qədər kədərlənirik. Azərbaycanın güclü olması ilə biz də güclü oluruq”, - deyə bildirib.

 

Q. Paşayeva görüşdə validən Sakaryada universitetdə təhsil alan və maddi imkanları zəif olan təxminən 25 tələbəyə valiliyin dəstək burslarından yararlanması imkanlarının yaradılması və Xocalı Soyqırımının fevral ayında növbəti ildönümü zamanı tələbələrin yürüş keçirməsinə icazə verilməsini xahiş edib. Vali hər iki məsələnin öz həllini tapacağını deyib.

 

Azərbaycanlı Öyrənci Topluluğunun rəhbərliyi  bir sıra fikir və düşüncələrini də görüş zamanı geniş bölüşüblər.  Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Sakarya valisinə özünün müəllifi olduğu kitablarla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, Dağlıq Qarabağ həqiqətlərindən bəhs edən kitabları, materialları, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı “Azərbaycan Həqiqətləri” sənədli filmlər kataloqunu və Azərbaycan bayrağı hədiyyə edib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225051

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR