Ş.Mustafayevin sözlərinə görə, sözügedən xidməti göstərən subyektlər tərəfindən tariflərə 30%-dək güzəştlər tətbiq edilə bilər: “Koordinasiya Şurasının qərarına əsasən, neft və neft məhsullarının tranzit daşınması və həmin yüklərin aşırılması xidmətləri üzrə nəqliyyat-ekspedisiya xərcləri təsdiq olunmuş tariflərin üzərinə 2%-dək əlavənin edilməsi yolu ilə hesablanır. Müqavilə qiymətinin dəyəri ümumilikdə təsdiq edilmiş tariflərdən və nəqliyyat-ekspedisiya xərclərindən çox olmamalıdır. Həyata keçirilmiş işlər və nəzərdə tutulan tədbirlər Azərbaycanın tranzit cəlbediciliyini və tranzit yükdaşımalarından gəlirlərini artırmaqla, bu sahədə şəffaflıq təmin ediləcək”.
Nazir bildirinb ki, son zamanlar Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi istiqamətində də bir sıra işlər görülüb. Onun dediklərinə əsasən, bu sahədə xüsusilə Azərbaycan və İran tərəfindən həyata keçirilən işlər intensivləşdirilib: “Belə ki, bu ilin oktyabrında Azərbaycanın və İranın nümayəndələrinin Astara şəhərində keçirilən görüşləri zamanı Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı dəmir yolu xətlərinin əlaqələndirilməsinə, Biləsuvar və Astara sərhəd-keçid məntəqələrinin 24 saat fasiləsiz iş rejiminə keçirilməsinə, bu sahədə prosedurların sadələşdirilməsinə və digər məsələlərə dair razılıqlar əldə olunub”.