Əli Əhmədov: "Azərbaycanda icbari tibbi sığortaya keçid səhiyyə xidmətinin fəlsəfəsini dəyişəcək"

12:07 30 Dekabr 2014
72 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 12:00 ]

"Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə çox yaxınlaşıb və yaxın zamanlarda biz bunun şahidi olacağımıza ümid edə bilərik"

Bakı. Könül Kamilqızı – APA. "Azərbaycanda mahiyyət etibarilə icbari tibbi sığortaya keçid səhiyyə sahəsində ən mühüm islahatdır". APA-nın xəbərinə görə, bunu baş nazirinin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına müsahibəsində deyib. O bildirib ki, bununla səhiyyədə təkcə maliyyələşmənin deyil, həm də idarəetmənin yeni metodu tətbiq edilməyə başlanacaq: "Konkret fəaliyyətə gəldikdə isə qeyd etməyi vacib bilirəm ki, icbari tibbi sığortaya keçilməsi ilə əlaqədar intensiv dəyərləndirmələr aparılır, ayrı-ayrı ölkələrin təcrübəsi öyrənilir, zəruri normativ sənədlərin hazırlanması üzərində iş gedir".

 

Ə. Əhmədov qeyd edib ki, Azərbaycan səhiyyəsi icbari tibbi sığorta sisteminin tətbiqinə çox yaxınlaşıb: "Yaxın zamanlarda biz bunun şahidi olacağımıza ümid edə bilərik. Ancaq icbari tibbi sığortaya keçidin və xüsusilə də yeni sistemin tam fəaliyyətə başlamasının asan olacağını, qısa vaxtda hər şeyin dəyişəcəyini düşünmək düzgün olmazdı. Qarşıda çox ciddi islahatların dayandığını dərk etməliyik. Onu da qeyd edim ki, icbari tibbi sığortaya keçid hər şeydən əvvəl, indi bizdə mövcud olan səhiyyə xidmətinin, necə deyərlər, fəlsəfəsini dəyişəcək. Əhaliyə səhiyyə xidmətinin təşkili, onun lazımi səviyyədə maliyyələşdirilməsi hər bir müasir dövlətin başlıca vəzifəsidir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsi Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin təməl prinsiplərindəndir. Söhbət xidmətin keyfiyyətinin daha da artırılmasından, ayrılan dövlət vəsaitlərinin daha ünvanlı və səmərəli xərclənməsinin təmin edilməsindən gedir. İcbari tibbi sığorta burada ən əlverişli vasitə kimi nəzərdən keçirilir”.

 

Ə.Əhmədovun sözlərinə görə, Azərbaycanda bütün sahələrdə ciddi islahatlar həyata keçirilir, yaşayış standartları dəyişir və bu kontekstdə səhiyyə xidmətinin keyfiyyətinə də tələbat təbii olaraq yüksəlir. O əlavə edib ki, icbari tibbi sığorta sisteminə keçilməsinin zəruriliyi “Tibbi sığorta haqqında” qanunda təsbit olunub. Ötən müddət ərzində yeni sistemin tətbiq edilməsi ilə əlaqədar bir çox ciddi islahatların həyata keçirildiyini deyən baş nazirin müavininin sözlərinə görə, bu gün Azərbaycanda onlarla ən yüksək standartlara cavab verən müalicə müəssisələri inşa edilib, müasir tibbi avadanlıqlarla təchiz edilib: “Regionlarda müasir diaqnostika mərkəzlərinin yaradılması, hesab edirəm, ölkəmizdə sosial siyasətin mahiyyətini əks etdirən bariz nümunədir. Bütövlükdə, dövlət tərəfindən həyata keçirilən islahatlar, görülən işlər səhiyyə sahəsində yeni sistemə keçidin etibarlı əsasını yaradır”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR