Dekabrın 15-də foruma qatılan xarici ölkə nümayəndələri Mixaylovsk Teatrında işgüzar səhər yeməyində bir araya gəlib. Nazir Ə.Qarayev tədbirdə iştirak edib. İşgüzar səhər yeməyinin sonunda Rusiya ilə bir sıra ölkələr arasında mədəni əməkdaşlığa dair sənədlər imzalanıb.
Daha sonra Etnoqrafiya muzeyində Rusiya Mədəniyyət Nazirliyinin “Mədəniyyət məkanı” layihələrinin təqdimatı keçirilib. Dövlət Ermitajının Baş qərargahında “Sosial teatr: tarix, dünya təcrübəsi, inkişaf perspektivləri” mövzusunda yüksək qonaqlar üçün ilk təqdimetməni Rusiyanın mədəniyyət naziri V.Medinski aparıb.
Nazir Ə.Qarayev həmçinin “Çarskoe Selo” Kəndini, Ermitaj Muzeyini, Mariinski Teatrını, Mixaylovsk Teatrını və Sankt-Peterburq sirkini ziyarət edib. Böyük Teatrın direktoru Vladimir Urin, Manej Sərgi Mərkəzinin direktoru Pavel Priqara, Dövlət Ermitaj Muzeyinin baş direktoru Mixail Pyotrovski və baş direktor mələhətçisi Nikolas İljine, Sankt Peterburqun Ədəbiyyat Qalereyasının baş direktoru Poltorak İqor, “Çarskoe Selo” muzey-qoruğunun elmi işlər üzrə direktor müavini İraida Bott, Moskva Müzikal Teatrının bədii rəhbəri Mixail Şvidkoy, İtaliyanın Violino Muzeyinin prezidenti Paolo Bodini ilə görüşüb.
Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində IV Beynəlxalq Mədəniyyət Forumu işini davam edir. Üçgünlük beynəlxalq tədbirin iştirakçıları şəhərin 82 müxtəlif yerində keçirilən 250-dən çox mədəni hadisənin iştirakçısı olacaq. Forum 12 müxtəlif bölmədən ibarətdir.
Azərbaycanı forumda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Foruma 40-dək ölkədən 9 minə yaxın iştirakçı qatılıb.
UNESCO-nun 70 illik yubiley mərasiminə həsr olunan tədbirin əsas müzakirə mövzusu mədəni irsin qorunması, müasir dünya və mədəni həyatın inkişaf məsələləridir.
Mərasimdə bu il Rusiyada qeyd edilən “Ədəbiyyat ili”nin başa çatdığı, bu mədəniyyət estafetini 2016-cı ildə “Kino ili”nin davam etdirəcəyi elan olunub.
Həmin gün forum çərçivəsində kitab-nəşriyyat işi sahəsində dövlət və özəl sektorun tərəfdaşlığına həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov da iştirak edib. Dövlət kitabxanaları ilə özəl kitab şirkətləri arasında əməkdaşlıq sazişləri bağlanıb. Tədbirdə Rusiyada “Ədəbiyyat ili”nin başa çatması münasibətilə “Rusiyanın ədəbiyyat üzrə Nobel laureatları” marka seriyasının təqdimatı olub.