Dağlıq Şirvan iqtisadi rayonu üzrə sahibkarlara indiyədək 63,7 milyon manat güzəştli kredit verilib

Dağlıq Şirvan iqtisadi rayonu üzrə sahibkarlara indiyədək 63,7 milyon manat güzəştli kredit verilib
16:29 17 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Qobustan, 17 dekabr, AZƏRTAC 
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu dekabrın 17-də Qobustan rayonunun Çuxanlı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Qobustanda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Səksən nəfərə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Qobustan rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, üzümçülük və arıçılıq təsərrüfatlarının, pendir, şirniyyat məhsulları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İşgüzar forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, indiyədək Qobustan rayonundan olan 335 sahibkara 5,1 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə məxsus 1742 investisiya layihəsinin maliyyələşdirilməsinə 63,7 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı komplekslərinin, iri fermer təsərrüfatlarının, “yaşıl market”in, quşçuluq fabrikinin, müasir heyvandarlıq komplekslərinin, çörək zavodunun, tikinti materiallarının istehsalı müəssisəsinin, üzümçülük təsərrüfatlarının yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, nəticədə 5600-dən çox yeni iş yerinin açılmasına imkan yaradılıb.
İşgüzar forum çərçivəsində Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 55 sahibkar 580 min manat güzəştli kredit alıb. Kreditlər, əsasən heyvandarlıq, arıçılıq və sair sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində Qobustanda dövlətin güzəştli krediti ayrılan arıçılıq təsərrüfatlarına baxış keçirilib. Qeyd edək ki, ümumilikdə, indiyədək arıçılığın inkişafı ilə bağlı 340-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 4,3 milyon manat güzəştli kredit verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dagliq_Sirvan_iqtisadi_rayonu_uzre_sahibkarlara_indiyedek_637_milyon_manat_guzestli_kredit_verilib-912091

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR