Yaponiyanın Baş naziri avstraliyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə edib

Yaponiyanın Baş naziri avstraliyalı həmkarı ilə təhlükəsizlik məsələlərini müzakirə edib
18:03 18 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Yaponiyanın Baş naziri avstraliyalı həmkarı Malkolm Ternbulla Tokioda görüşərək iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlıq məsələlərini müzakirə edib. Bu, M.Ternbullun cari ilin sentyabrında yenidən Avstraliyanın Baş naziri seçildikdən sonra Yaponiyaya ilk səfəridir.
Kyodo agentliyinin verdiyi məlumata görə, hökumət başçılarının görüşü zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, Şərqi və Cənubi Çin dənizlərində artan gərginliyin azaldılması, antiterror əməliyyatlarında əlbir fəaliyyət, həmçinin ABŞ və Hindistanla üçtərəfli əlaqələr barədə müzakirələr aparılıb.
Müdafiə sahəsində müzakirələr zamanı iki ölkənin hərbi-dəniz qüvvələrinin iştirakı ilə birgə hərbi təlimlərin təşkilinin intensivləşdirilməsi, əməliyyatların aparılması barədə razılıq əldə olunub.
Yaponiya müdafiə sahəsində Avstraliyanı ən yaxın müttəfiqlərindən biri hesab edir və regional sularda Çinin artan fəallığı müqabilində təhlükəsizlik sahəsində iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə çalışır.
İki ölkənin hökumət başçılarının görüşündə iqtisadi, innovasiyalar və mədəni əməkdaşlıqla bərabər Yaponiyanın gələn ilin yayından başlayaraq okeanda balina ovunu artırmaq barədə qərarı da müzakirə olunub.
Yaponiyaya səfəri zamanı Tokiodakı Elmi İnkişaf və İnnovasiyalar Muzeyini ziyarət edən Baş nazir M.Ternbull deyib: “Biz innovasiyaları, iqtisadi əməkdaşlığı müzakirə edəcəyik. Çox güman ki, malik olduğumuz mühüm strateji əməkdaşlıq məsələlərindən danışacağıq”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyanin_Bas_naziri_avstraliyali_hemkari_ile_tehlukesizlik_meselelerini_muzakire_edib-912471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR