Adı Rusiyanın, "zəhər"i bizim - FOTO

Adı Rusiyanın, "zəhər"i bizim - FOTO
09:52 19 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin yaxınlaşması ilə əlaqədar mağazaların vitrinlərini bir-birindən rəngarəng və göz oxşayan Yeni il hədiyyələri bəzəyir. Görünüşcə bir-birindən fərqli və gözəl hədiyyələri görüb yanından etinasız keçmək olmur. Xüsusən də uşaqlar bu hədiyyələri görər-görməz valideynlərindən almalarını tələb edirlər. Bəs bu hədiyyələrin içindəkilər də üstü  kimi keyfiyyətlidirmi?

Milli.Az-ın məlumatına görə, musavat.com xəbər verir ki, təəssüflər olsun ki, balacaların sevincinə səbəb olan bu kiçik hədiyyələrin içindən bəzən onların sağlamlığı üçün zərərli qidalar çıxır. Hər il bu cür bağlamaların içindən vaxtı keçmiş və ya üzərində yararlılıq müddəti göstərilməyən şirniyyatların çıxdığının şahidi oluruq.

Mağazalara göz gəzdirdikdə 5 və 70 manat arasında hədiyyə bağlamalarına rast gəldik. Təbii ki, hədiyyələrin qiyməti onun ölçüsü və üstünün bəzəyinə görə fərqlənirdi. Satıcılardan hədiyyənin içinə baxıb almaq istədiyimizi dedikdə "içini açmaq olmaz, narahat olmayın, içindəkilər təzədir" cavabını aldıq. Digər mağazada isə bu hədiyyələrin içindəki şirniyyatların yararlılıq müddətinin olub-olmadığını soruşduqda satıcıdan "mən o qutunun içinə girməmişəm, bilmirəm, onlar Rusiyadan gətirilib, yəqin ki, təzə olar" cavabını aldıq.

Bu cür hədiyyələrdən birini alan valideynlə satıcının mübahisəsinin şahidi olduq. Alıcı hədiyyə qutusunun üzərinə Rusiya istehsalı yazılsa da, içindəkilərin çoxunun Azərbaycan istehsalı olan şirniyyatlar olduğunu bildirir və aldadıldığını deyirdi. Satıcı isə alıcının hədiyyə bağlamasını açıldığı üçün onu geri qaytarmaq kimi bir şansının olmadığını deyərək yalnızca hədiyyə qutusunun Rusiyadan gətirildiyini deyərək məntiqsiz cavab verir və alıcını inandırmağa çalışırdı.

Övladı ilə kiçik şirniyyatlar seçən Adilə Quliyeva balaca qızı üçün Şaxta baba hədiyyəsini özünün düzəldəcəyini dedi: "Keyfiyyətli və təzə olduğuna əmin olduğum xırda şirniyyatlar, şokolad, konfet alıb onu yaxşıca bağlama edəcəyəm. Ən azından biləcəyəm ki, övladımın yediyi keyfiyyətlidir. Hazır hədiyyə paketlərinə güvənim yoxdur. Keçən il almışdıq, içindən korlanmış şirniyyat çıxdı. Ona görə də almıram".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, hədiyyə paketlərin içindəki qidaların hər birinin istehsalat tarixi olmalıdır: "Bu fikir düz deyil ki, bahalı hədiyyələr daha keyfiyyətlidir. Əgər hansısa qida o hədiyyə paketinin içinə açıq şəkildə qoyulubsa, məsələn, konfet, peçenye və sairə - bu artıq təhlükəlidir. Hədiyyə paketlərinin içindəki qidaların hər birinin istehsal tarixi olmalıdır. Əgər bu yoxdursa, demək ki, yararlılıq müddəti bitmiş mallardır. Əgər bizə qutunun içindəki keyfiyyətsiz şirniyyatı istehsal edən şirkətlərlə bağlı şikayətlər daxil olarsa, həmin istehsalçılar 500-1500 manat civarında cərimələnə bilər".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı dedi ki, alıcılar hədiyyə alarkən satıcıdan onun sertifikatını da tələb etsinlər: "Bayram ərəfəsində bu problemlər aktuallaşır. Bizim "qaynar xətt"imizə edilən müraciətlərdə də bu ərəfələrdə bunun aktuallığını hiss edirik. Artıq bir neçə müddətdir ki, satışda qablaşdırılmış Yeni il hədiyyələri satılır. Çox yaxşı haldır ki, bu hədiyyələrin problem yaratması ilə bağlı hələ ki heç bir şikayət daxil olmayıb. Amma hədiyyələr necə olmalıdır deyə narahatlıqlar var. Qanunvericiliyin tələbinə əsasən, hər bir məhsul, xüsusən də ərzaq məhsulu birbaşa Nazirlər Kabinetinin qərarına uyğun olaraq məcburi sertifikatlaşdırılmalıdır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən akreditasiya olunmuş sertifikatlaşdırma orqanları mövcuddur. Məhsul idxalçıları hansısa məhsulu bazara çıxarmazdan əvvəl həmin müvafiq qurumlara müraciət etməli və malların sertifikatlaşmasını həyata keçirməlidir.

Çox təəssüflə qeyd edim ki, bəzən sahibkarlar ya qanunvericilikdən xəbərsiz olduqlarından, ya bilərəkdən qanunvericiliyin bu tələblərini pozurlar. Biz sahibkarlar arasında mütəmadi olaraq maarifləndirmə tədbirləri, müvafiq qanunvericiliyin izahı və sairə ilə bağlı tədbirlər həyata keçiririk. Amma bu yetərli deyil. Sahibkarlar bəzən sertifikatlaşdırmadan yayınırlar. Sertifikatlaşdırmadan yayınma halına görə İnzibati Xətalar Məcəlləsində müvafiq sanksiyalar, cəza tədbirləri nəzərdə tutulub. Hədiyyə paketlərinin hər birinin müvafiq sənədləri olmalıdır. Bu hədiyyələr qablaşdırılarkən onun üzərində yazılan məlumatlar da doğru olmalıdır.

Bəzən son saxlanma müddəti qablaşdırmanın içində olan ən son saxlama müddəti olan məhsulun tarixi ilə yazılır ki, bu da düzgün deyil. Saxlama müddəti qablaşdırmanın içindəki məhsullardan ən tez xarab olan, onun saxlanma müddəti hansıdırsa, o yazılmalıdır. Alıcılardan bizim tövsiyəmiz və xahişimiz ondan ibarətdir ki, bu məhsulları alarkən diqqətli olsunlar və satıcıdan sertifikat tələb etsinlər. Biz çalışırıq ki, sahibkarlar fəaliyyətlərini elə qursunlar ki, həm bazarlarda haqlı rəqabət mühiti yaransın, həm də istehlakçı hüquqları pozulmasın".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/391438.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR