Milli Aerokosmik Agentliyin rəsmisi: "İşğal olunmuş ərazilərin kosmik təsvirlərini əldə etməklə araşdırmalar aparırıq"

Milli Aerokosmik Agentliyin rəsmisi: "İşğal olunmuş ərazilərin kosmik təsvirlərini əldə etməklə araşdırmalar aparırıq"
16:02 19 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin (MAKA) baş direktorunun l müavini, texnika elmləri doktoru, professor Tofiq Süleymanovun "Report"a müsahibəsi.
- Tofiq müəllim, bu gün Azərbaycanda kosmik sənayenin inkişaf vəziyyəti necədir?
- 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" icra olunub, ötən müddət ərzində bir sıra tədbirlər həyata keçirilib. Bilirsiniz ki, hazırda Azərbaycanın iki peyki fəaliyyət göstərir. Birinci peyk 2013-cü ilin fevral ayının 8-də buraxılan telekommunikasiya peykidir ki, həmin peyk geostasionar orbitdə 36 min km yüksəklikdə fəaliyyət göstərir və ölkənin radio və teleyayım şəbəkəsinin təkmilləşməsinə, rabitə sisteminin modernləşməsinə xidmət edir. Peyk öz fəaliyyətini indi də uğurla davam etdirir.
İkinci peyk isə bu ilin əvvəlindən fəaliyyət göstərir. "Azersky" adlanan həmin peyk yerin məsafədən zondlanması, elektron xəritələrin yaradılması, kənd təsərrüfatı istehsalının planlaşdırılması, məhsuldarlığın proqnozlaşdırılması, eyni zamanda, təbii-dağıdıcı proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması məsələlərinin həlli üçün məlumatların toplanmasına xidmət edir. Azərbaycan peykləri "Azərkosmos" ASC tərəfindən idarə olunur və məlumatlar da onlar tərəfindən qəbul edilir.
- Bu prosesdə sizin öhdəliyiniz nədən ibarətdir?
- Hər bir ölkə üçün onun təbii iqlim-şəraitindən asılı olaraq məsafədən zondlamanın tətbiqi problemləri xarakterikdir ki, bu məsələlər kosmik məlumatlardan istifadə olunmaqla həll edilə bilər. Bizim əsas məqsədimiz peyk vasitəsilə alınan məlumatlardan istifadə etməklə təbii ehtiyatların öyrənilməsi, ekoloji monitorinq məsələlərinin həlli, təbii-dağıdıcı proseslərin qiymətləndirilməsi ilə bağlıdır.
Son dövrlərdə "Azərkosmos" ASC ilə bizim əlaqələrimiz genişlənməkdədir. Hazırda bizim tərəfimizdən iki layihə onlara təqdim olunub. Həmin layihələrin yerinə yetirilməsi üçün "Azərkosmos" bizi peyk məlumatları ilə təmin etməlidir və bu istiqamətdə tədbirlər davam etdirilir.
Bizim Agentliyin əsas vəzifəsi kosmik məlumatların emalı, sistemləşdirilməsi, istehlakçı tələblərinə cavab verən formada emal edilməsi, elektron xəritələrin yaradılması və məsafədən zondlamanın müxtəlif praktik məsələlərinin həll edilməsindən ibarətdir.
Kosmik məlumatların emalı bir neçə mərhələni əhatə edir və onlardan istifadə etməyin müxtəlif metodları mövcuddur. Bu proses böyük bir əməliyyat tələb edir. O qədər də asan olmayan belə məsələlərin həlli üçün Milli Aerokosmik Agentlikdə bu istiqamətdə uzun illərdir ki, tədqiqatlar aparılır. Nəticələr elə olmalıdır ki, istehlakçı tələblərinə cavab verə bilsin. Hər bir istehlakçı məsələnin tipindən asılı olaraq özünə uyğun formada yekun məhsullar tələb edir. Bunu həyata keçirmək üçün bir sıra emal proseduraları mövcuddur ki, eyni bir məlumatı müxtəlif yönümlü emal mərhələlərindən keçirmək tələb olunur. Kosmik verilənlər əsasında atmosferin tədqiqi, iqlimşünaslıq, kənd təsərrüfatı yönümlü məsələlər, daşqın, sel, sürüşmə və erroziya proseslərinin qiymətləndirilməsi üçün emal metodları bir-birindən köklü surətdə fərqlənirlər. Hər bir sahə üzrə məxsusi mütəxəssislər formalaşmışdır və onların imkanları çərçivəsində məsələlər müvəffəqiyyətlə həll olunur.
- Agentliyə daha çox hansı nazirliklər sifariş verir?
- Bizim əsas sifarişçimiz Müdafiə Sənayesi Nazirliyidir. Hər ilin əvvəllində iş planına daxil edilən mövzular yoxlanılır, ilkin ekspertizadan keçirilir, sonra isə təsdiq olunur. Yerinə yetirilən işlərin nəticələri ilin sonunda ümumiləşdirilir və bundan sonra nazirliyə hesabatlar formasında təqdim olunur.
Əgər tələb varsa, digər nazirliklər də bu tipli sifarişlər verə bilər. Sifariş olarsa, biz onların maraqları çərçivəsində bu işləri həyata keçirmək imkanına malikik.
Elmi-tədqiqat işlərinin nəticələri AMEA-nın nəzdində fəaliyyət göstərən Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasına təqdim olunur. Təhlil edildikdən sonra iqtisadiyyatın hansı sahəsində tətbiq olunması haqqında qərar qəbul edilir.
- Yəqin, Müdafiə Nazirliyi də Agentliyə sifarişlər verir...
- Müdafiə Nazirliyinin və digər güc strukturlarının sifarişləri əsasən xüsusi təyinatlı məsələlərin həllinə yönəlib.
Son 3 il ərzində mütəxəssislərimiz tərəfindən müxtəlif çeşidli məmulatlar, o cümlədən atıcı silahlar üçün təlim trenajorları, rabitə vasitələri və digər məhsullar istehsal edilərək aidiyyatı sifarişçilərə təhvil verilib və hazırda istismar olunur. Əlbəttə ki, biz kosmik vasitələrin imkanlarından istifadə etməklə ölkəmizin müdafiə qüdrətinin möhkəmlənməsinə xidmət edən məsələləri də həll edə bilərik. O cümlədən, sərhədlərimizin etibarlı qorunması, müxtəlif birləşmələrin, texniki vasitələrin hərəkət marşrutlarının müəyyənləşdirilməsi, eləcə də starteji əhəmiyyətli yol-kommunikasiya şəbəkələrinin planlaşdırılması və s. kimi məsələlərin həlli imkanlarımız daxilindədir.
- Ekoloji monitorinqdən danışdınız. Bu günə kimi bu sahədə hansı işlər həyata keçirilib?
- Hələ 90-cı illərdə bizim Agentlikdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatının dəstəyi ilə kosmik təsvirlər əsasında Azərbaycanda torpaq-bitki örtüyünün elektron xəritəsi yaradılıb və istifadə üçün müxtəlif nazirliklərə təqdim edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də əlaqələrimiz mövcuddur. Həmin nazirliyin sifarişləri əsasında bir sıra işlər həyata keçirilib, çaylarda suyun vəziyyətinin monitorinqini aparmaq üçün vasitələr işlənilərək öz praktiki tətbiq sahələrini tapıb.
Mütəxəssislərimiz bu sahədə həm də elmi-tədqiqat işlərini yerinə yetirirlər. Kür və Araz çaylarında çirkləndiricilərin transsərhəd daşınmalarının vəziyyətinə nəzarət, Xəzər dənizində neft ləkələrinin yayılma dinamikasının öyrənilməsi əsas ekoloji məsələlərdəndir. Kür çayında 2010-cu ildə baş vermiş subasmalarla əlaqədar kosmik şəkillərdən istifadə etməklə bir sıra tədqiqat işləri həyata keçirilib, yekun nəticələr elektron xəritələr şəklində təqdim olunub.
Əldə edilən nəticələr bu proseslər nəticəsində dəyə biləcək ziyanın minimuma endirilməsi, vaxtında qabaqlayıcı tədbirlərin görülməsi üçün tövsiyələrin hazırlanmasına xidmət edir.
Uzun illərdir Azərbaycanın müxtəlif zonalarında baş verən şoranlaşma proseslərinin öyrənilməsi, meşəsalmanın planlaşdırlması, mövcud meşə ehtiyatlarının dinamikasının qiymətləndirilməsi istiqamətində də tərəfimizdən işlər aparılır.
- Nazirlik və təşkilatlarla əməkdaşlığınız hansı şərtlər əsasında həyata keçirilir?
- Biz digər təşkilatların sifarişini ancaq qarşılıqlı müqavilələr əsasında yerinə yetirə bilərik. Son 3 ildə Fövqəladə Hallar Nazirliyinin sifarişi əsasında bəzi təbii və texnogen xarakterli obyektlərin aerofotoçəkilişləri həyata keçirilib, təsvirlər ilkin emal olunub və nəticələr sifarişçiyə təhvil verilib.
Kosmik məlumatlardan istifadə etməklə seysmik proseslərin hazırlanması dövründə ionosfer xəbərvericilərinin aşkarlanması, atmosferdə baş verən anomal hadisələrin qiymətləndirilməsi kimi məsələlər də həll edilir. Vaxtilə zəlzələlərin qeydə alınması üçün xüsusi cihazlar da hazırlanıb, bu sahədə ilkin baza yaradılıb.
Onu da qeyd edim ki, vaxtilə Agentliyimizdə hazırlanan cihazlar Sovet İttifaqının kosmik orbital komplekslərdə fəaliyyət göstəriblər. Hazırda fəaliyyət göstərən peyklərimiz xarici ölkələrdə istehsal olunduğundan, biz ancaq onların imkanlarından istifadə edirik.
- Agentliyin zavodunun fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?
- Kosmik Cihazqayırma Təcrübi Zavodu müqavilələr əsasında hərbi və mülki təyinatlı məhsulların istehsalı ilə məşğul olur. Hazırlanmış xüsusi təyinatlı avtomobillər müxtəlif sərgilərdə nümayiş etdirilərək mütəxəssislərin müsbət rəyinə layiq görülüb. Həmçinin müəyyən cihazların, sistemlərin yaradılması və təmiri bizim zavodun imkanları çərçivəsində həll oluna bilər. Bunun üçün tam texniki imkanlarımız mövcuddur, zavodun texnoloji parkı modernləşdirilib, proqramla idarə olunan avadanlıqlar və dəzgahlar istehsalat sahələrində quraşdırılıb.
Qeyd edim ki, agentliyimizin konstruktor bürolarında müəyyən işlər həyata keçirilir və kosmik sənayemiz inkişaf etdikcə, onların da imkanlarından istifadə etməliyik. Bu sahənin inkişafı isə böyük yerüstü infrastruktur şəbəkəsinin yaradılmasını tələb edir.
- Azərbaycanda kosmonavtların yetişdirilməsinə ehtiyac varmı?
- Azərbaycanın kosmik proqramında yaxın vaxtlarda pilotlu orbital uçuşların həyata keçirilməsi nəzərdə tutulmur. Əlbəttə ki, bu cür uçuşlar nəzərdə tutularsa, milli kosmonovtlarımızın hazırlanması işlərinə də başlamaq olar. Yəqin ki, bu, gələcəyin işidir. Kosmonavtların hazırlanması üçün xüsusi texniki baza lazımdır, təlim kursları keçirilməlidir. Xüsusi hazırlıq mərhələsi o qədər də asan məsələ deyil. Qeyd etdiyim kimi hələlik bu məsələlər yaxın perspektivdə nəzərdə tutulmayıb.
Azərbaycan üçün belə zərurət yaranarsa, ilk mərhələdə inkişaf etmiş kosmik sənaye infrastrukturuna malik olan ABŞ, Rusiya, Fransa və Çin kimi dövlətlərə müraciət etmək olar. Hazırda belə bir ehtiyac yoxdur. Son dövrlərdə pilotlu orbital uçuşlar ancaq xüsusi stansiyalarda həyata keçirilir. Bilirsiniz ki, Beynəlxalq Kosmik Stansiya fəzada 350-450 kilometr hündürlükdə fəaliyyət göstərir və orada bir neçə ölkənin kosmonovtları, tədqiqatçıları iştirak edirlər. Stansiya elə bir orbital laboratoriyadır ki, orada kosminavtların uzun müddət yaşaması və tədqiqat aparması üçün hər cür şərait yaradılıb. Kosmonovtlar fəalyyətlərini bitirdikdən sonra Yerə qayıdırlar və onları növbəti ekipaj əvəz edir.
Onu da əlavə edim ki, taleyi Azərbaycanla bağlı olan iki sovet kosmonavtı olub. Onlardan biri Vitali Jolobov, digəri isə Musa Manarovdur. Hərbçi ailəsindən olan hər iki kosmonavt indiki Azərbaycan Dövlət Neft və Sənaye Akademiyasında təhsil alıb, sonradan kosmonovtlar ordusuna daxil olub və kosmik orbitdə müvəffəqiyyətlə fəaliyyət göstəriblər.
- Fəaliyyətiniz çərçivəsində işğal olunmuş ərazilərimizin izlənilməsi prosesi də yer alırmı?
- Milli Aerokosmik Agentlik 40 illik fəaliyyət yolu keçib, hər dövrün tələblərinə uyğun olaraq işini təkmilləşdirib və hazırda da fəaliyyətini ölkəmiz üçün ən aktual olan məsələlərin həllinə yönəldib. Kosmosda sərhəd yoxdur. İşğal olunmuş ərazilərin kosmik təsvirlərini əldə etməklə orada baş verən dəyişikliklər, obyektlər haqqında məlumat əldə etmək mümkündür və bu istiqamətdə araşdırmalar aparırıq.
Kosmik tədqiqatların üstünlüyü operativlikdir. Əlçatmaz zonaları bu yolla öyrənmək, qısa zaman ərzində bütün respublika ərazisini əhatə etməklə zəruri qərarlar qəbul etmək olar və bu da qarşımızda duran əsas məsələlərdən biridir. 

Xəbərin orijinal ünvanı: http://report.az/dagliq-qarabag/milli-aerokosmik-agentliyin-resmisi-i-sgal-olunmus-erazilerin-kosmik-tesvirlerini-elde-etmekle-aras

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR