Bakı, 9 fevral, AzərTAc
Fevralın 8-də Qahirənin Taqammi Hamis rayonundakı stadionda baş vermiş iğtişaşlar zamanı 20-dən artıq insan həlak olub. Həmin gün iki aparıcı paytaxt klubu olan “Zamalek” və “İnbi” komandaları arasında oyun keçirilirdi.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, iğtişaşlara polisin “Zamalek” klubunun ölkədə qalmaqallı reputasiyası olan azarkeşlər qrupunu stadiona buraxmaması səbəb olub. Polislərin sözlərinə görə, onlar stadiona biletsiz girməyə cəhd ediblər.
Bundan sonra azarkeşlər müqavimət göstərməyə, avtomobilləri yandırmağa başlayıblar. Asayiş keşikçilərinin gözyaşardıcı qazlardan istifadə etməsindən sonra basabas yaranıb. Həkimlərin sözlərinə görə, ölənlərin əksəriyyəti boğularaq və ya kütlə tərəfindən sıxılaraq həlak olub. Hadisə oyundan qabaq baş versə də, görüş təyin olunmuş vaxtda keçirilib.
Qeyd edək ki, 2012-ci ilin fevral ayında Port-Səiddə “Əl-Əhli” və “Əl-Masri” klublarının azarkeşləri arasında baş vermiş dava zamanı 70 nəfər həlak olmuşdu. Bundan sonra bəzi futbol klubları arasında keçirilən oyunlarda stadionlar tamaşaçıların üzünə qapanmışdı.
Qahirə stadionunda baş vermiş yeni futbol faciəsindən sonra Misir hökuməti təcili iclas çağırıb və milli futbol liqasının bütün oyunlarının ləğv olunması məsələsi müzakirəyə çıxarılıb. Ölkə futbol federasiyası da öz növbəsində tamaşaçıların stadionlara buraxılması barədə qərarını ləğv etməyə məcbur olub.