“Mərkəzi Bankın bir sıra addımlar atması zəruridir” - ANALİZ

“Mərkəzi Bankın bir sıra addımlar atması zəruridir” - ANALİZ
16:59 21 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

 

 

Manatın üzən məzənnəyə keçməsi ilə bağlı “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyi bəyanat yayıb.

 

"APA-Economics"in xəbərinə görə, bəyanatda deyilir:

 

“Dünya bazarlarında neftin qiymətinin son il yarım ərzində üç dəfədən çox aşağı düşməsi və bu prosesin cari ilin oktyabr ayının əvvəlindən başlayaraq daha da sürətlə getməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrdə milli valyutaların dəyərdən düşməsi prosesini də sürətləndirdi. Cari il ərzində neftin qiymətlərinin bir barel üçün 50-60 dollar həddində dəyişməsi,  bu qiymətlərdə ciddi dəyişikliklərin baş verməyəcəyini vəd etsə də, sentyabr ayının son günlərində dünya siyasi müstəvisində baş verən münaqişələrin daha ciddi xarakter alması nəticə etibarı ilə situasiyanı tamamilə dəyişdi. Bir sözlə, bu proses Rusiyanın Suriyaya hərbi müdaxiləsindən sonra daha da sürətləndi və nəticə etibarı ilə son iki ay yarım ərzində neftin dünya bazarlarındakı qiymətləri 30%-ə qədər ucuzlaşdı.  İranın neft ixracına qoyulmuş embarqonun aradan qaldırılması, OPEK-in bu son dövrlərdə neft hasilatının vəziyyətinə nəzarət etmək  məqsədilə bu hasilatın azaldılmasına yönəlmiş toplantılarının nəticəsiz qalması, ABŞ-ın neftin ixracına qoyduğu  qadağanı götürməsi və ABŞ Federal Rezerv Sisteminin dolların uçot dərəcəsini 0,25% artırması, bu sıradan olan əsas məsələlərdir. İqtisadiyyatı neftlə bağlı olan qonşu Rusiya və Qazaxıstan artıq öz milli valyutalarını üzən məzənnəyə keçiriblər. Üzən məzənnəyə keçdikdən sonra Rus rublu öz dəyərinin 125%-ni, Qazaxıstan təngəsi isə 85%-ni itirib. Mətbuat səhifələrində bu mövzudakı çıxışlarımızda dünya bazarında neftin bir barelinin qiymətinin 50-55 dollar civarında olduğu halda Azərbaycanda kəskin devalvasiyanın baş verməyəcəyinə dair fikirlər səsləndirmişdik.  Lakin son günlər neftin qiymətinin 36 dollar səviyyəsinə qədər ucuzlaşması, manatın taleyi ilə bağlı gözləntilərin müəyyən qədər dəyişməsinə gətirib çıxardı və biz yaranmış şəraitdə Azərbaycan manatının məzənnəsinin uzun müddət inzibati yolla eyni  səviyyədə saxlanılmasını real hesab etmədik.  Mövcud reallıqlara əsaslanaraq mətbuatdakı çıxışlarımızda Mərkəzi Bankın mili valyutamızı üzən məzənnəyə hazırlamalı olduğunu dedik, cəmiyyəti bütün situasiyalara hazır olmağa çığırdıq. Hesab etdik ki, zamanı çatanda Mərkəzi Bank üzən məzənnəyə keçidlə bağlı qərar verəcək.  Vəziyyəti hamıdan daha yaxşı təhlil etmək imkanları olan Mərkəzi Bank və onun rəhbərliyi bu addımı atmağın vaxtının məhz bu gün çatdığını bəyan etdi. Bu zəruri bir addım idi və yaranmış vəziyyətdə onun alternativi yox idi.

 

Hesab edirik ki, yaranmış vəziyyətin vətəndaşlarımız üçün az ağrılı olmasından ötrü Hökumət və Mərkəzi Bank tərəfindən bir sıra addımların atılması zəruridir. Hökumət gömrük və vergi sahəsində yumşaldıcı tədbirlərin həyata keçirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmalıdır. Mərkəzi Bank isə dollarla kredit öhdəliyi olan vətəndaşların vəziyyətinin yüngülləşdirilməsi məqsədilə banklara xüsusi tövsiyələr paketi hazırlayıb göndərməli və onların icrasını ciddi nəzarətdə saxlamalıdır”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/226000

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR