Astaranın ucqar yaşayış məntəqəsinə təbii qaz verilib - FOTOSESSİYA

Astaranın ucqar yaşayış məntəqəsinə təbii qaz verilib - FOTOSESSİYA
13:52 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 13:48 ]

Astara. Ağəddin Babayev - APA. Bu gün Astara rayonunun dağlıq yaşayış məntəqəsi olan Züngüləş kəndinə ilk dəfə təbii qaz verilib.

 

APA-nın cənub bürosunun məlumatına görə,  bu münasibətlə keçirilən mərasim Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində kənd sakinlərinə əvəzsiz bayram hədiyyəsi kimi unudulmaz anlar yaşadıb.

 

Yerli icra strukturları, hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, rayonun qaz təsərrüfatı əməkdaşlarının iştirakı ilə keçən tədbirdə çıxış edən Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd sakinlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları, eyni zamanda əlamətdar hadisə-kəndə təbii qaz verilməsi münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Rayon əhalisinin artıq 75%-nin təbii qazdan istifadə etdiyini qeyd edən natiq bildirib ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra olunur, ayrı-ayrı yaşayış məntəqələrində təkcə qazın verilməsi deyil, digər sosial problemlər həll edilir, yollar çəkilir, təhsil və səhiyyə müəssisələri istifadəyə verilir. Hazırda Züngüləş kəndi ərazisində “Astara-1” su elektrik stansiyasının tikintisinin davam etdiyini, Artupa kəndində yeni məktəb binasının tikintisinə başlandığını qeyd edən icra başçısı bütün bu işlərin əhalinin rifah halının daha da yaxşılaşdırılmasına yönəldilən mühüm dövlət tədbirlərinin tərkib hissəsi olduğunu, gələcəkdə də bu kimi sosial layihələrin davam edəcəyini bildirib.

 

Tədbirdə qeyd olunub ki, 126 təsərrüfatı, 1000 nəfərə yaxın əhalisi olan Züngüləş kəndinə sovet dönəmində belə qaz xətti çəkilməyib. Son 10 ildə rayonun qaz təsərrüfatının bərpası və yenidən qurulması istiqamətində aparılan mühüm işlər bir sıra yaşayış məntəqələrinə, o cümlədən Züngüləş kəndinə təbii qazın verilməsini gerçəkləşdirib.

 

Mərasimdə Səncərədi inzibati dairəsi üzrə nümayəndəsi Zaur Həsənov, kənd sakinlərindən Müzəffər İmaməliyev, Ağaxan Novruzov, Adilə Əliyeva və başqaları çıxış edərək  gözəl bayramlar  ərəfəsində onlara belə bir xoşbəxtliyi bəxş etdiyinə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Sonda Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev kəndə təbii qaz verilməsini bildirən məşəli yandırıb, kənd sakini Səfər Səfərovun evində mavi yanacaqdan istifadə ilə bağlı xeyir-dua verib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367736

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR