Yeni ilin gəlişi münasibətilə Şəki şəhəri bayram libasına bürünüb

Yeni ilin gəlişi münasibətilə Şəki şəhəri bayram libasına bürünüb
16:08 30 Dekabr 2015
71 Digər
Ölkə mətbuatı
A- A+


Şəki, 30 dekabr, AZƏRTAC
Yeni təqvim ilinin gəlişinə bir gün vaxt qalıb. Ölkəmizin hər yerində olduğu kimi, Şəkidə də 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbirləri davam edir.
AZƏRTAC xəbər verir ki, Yeni ilin gəlişi münasibətilə şəhərin park və küçələri, meydanlar bayramsayağı bəzədilib. İctimai binaların, evlərin fasadları, eyvanlar bayram libasına bürünüb. Şəhərin gecə görüntüləri xüsusilə cəlbedicidir. Prospekt və küçələrdə quraşdırılan müasir işıqlandırma sistemi, rəngbərəng çilçıraqlar bu qədim şəhərə xüsusi gözəllik verir.
Şəhərin mərkəzində quraşdırılan 12 metr hündürlüyündə yolka ağacının ətrafı bütün gün ərzində qələbəlik olur. Uşaqlar valideynləri ilə birgə yolkanın ətrafında Şaxta baba və Qar qızı ilə birlikdə şəkil çəkdirir, əylənirlər. Musiqi və rəqs kollektivlərinin təqdim etdikləri konsert proqramları bayram iştirakçılarında xoş əhval-ruhiyyə yaradır. Şəhərin digər ərazilərində də 20-dən artıq yolka ağacı qurulub.
Bayram günlərində rayon ərazisində yerləşən hərbi hissələrdə əsgərlər üçün bayram süfrələri açılacaq, Yeni il şənlikləri keçiriləcək, yerli musiqi kollektivləri əsgər və zabitlər qarşısında konsert proqramları ilə çıxış edəcəklər.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə imkansız ailələrə bayram sovqatı paylanılacaq.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yeni_ilin_gelisi_munasibetile_Seki_seheri_bayram_libasina_burunub-915586

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR