Qusar, 10 fevral, Elxan Yusifli, AzərTAc
2014-cü il Qusar rayonunda kəndlərin qazlaşdırılması, kəndarası yolların yenidən qurulması, içməli su və kanalizasiya xətlərinin çəkilməsi, turizmin inkişaf etdirilməsi və yeni məktəb binalarının tikintisi sahəsində görülən mühüm işlərlə yadda qalıb. Ümumilikdə hesabat ilində rayonda 1067 yeni iş yeri açılıb ki, bunların da 758-i daimi iş yerləridir.
AzərTAc xəbər verir ki, bu barədə Qusar Rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclasında bildirilib.
Şura iclasının iştirakçıları toplantıdan əvvəl ümummilli lider Heydər Əliyevin Qusar şəhərinin mərkəzindəki abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.
Sonra iştirakçılar rayon ərazisində fəaliyyət göstərən müəssisələrdə istehsal edilən sənaye, ərzaq, kənd təsərrüfatı və digər sahələrə aid məhsulların sərgisinə baxıblar.
Yığıncaqda rayon icra hakimiyyəti başçısının hesabat məruzəsi dinlənilib.
Qeyd olunub ki, 2014-cü ildə meyvəçiliyin inkişafı üçün rayonda əlavə 7 hektar meyvə bağları salınıb, Ləgərqışlaq kəndində meyvə saxlanılması üçün 3 min 600 tonluq soyuducu anbar, Yeni Həyat kəndində meyvə çeşidləmə sexi istifadəyə verilib. Avaranqışlaq kəndi ərazisində isə 300 tonluq meyvə saxlama anbar binasının tikintisi davam etdirilir.
Hesabat ilində Samur qəsəbəsinin, Yeni Tahircal, Qullar və Kufoba kəndlərinin, o cümlədən İmamqulukənd kəndinin 3 yeni yaşayış massivinin qazlaşdırılması nəticəsində, ümumilikdə, 1044 evə təbii qaz verilib. Hazırda Yuxarı Zeyxur, Suduroba və Əcəxuroba kəndlərinin də qazlaşdırılması işləri görülür.
Diqqətə çatdırılıb ki, 2014-cü ildə Qusar şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə şəhərin 5 yeni yaşayış massivində kanalizasiya və su xətlərinin çəkilişi aparılıb. Hazırda isə podratçı təşkilatlar tərəfindən mərkəzi küçələrdə qazıntı işlərinə başlanılıb.
Respublika rəhbərliyinin diqqət və qayğısı sayəsində ötən il ərzində rayon ərazisində ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. İnşasına 2013-cü ildə başlanılan Atlıxan, Kufoba, Əniğoba, Hiloba, Aşağı İmamqulukənd və Çubuqlu kəndlərində yeni məktəb binaları tikilərək şagirdlərin istifadəsinə verilib. Hil və Bədirqala kəndlərində isə məktəb binalarının inşası davam etdirilir.
Rayonun turizm bölgəsi kimi inkişaf perspektivləri nəzərə alınaraq bu sahədə təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın genişləndirilməsi məqsədilə ötən il avqustun 26-da Fransada bu ölkənin Mejev və Qusar şəhərləri arasında müvafiq dostluq və əməkdaşlıq xartiyası imzalanıb. Bu sənədə uyğun olaraq adları çəkilən şəhərlər arasında mədəniyyət, iqtisadiyyat, o cümlədən qış turizmi sahələrində əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.
Bildirilib ki, rayonda Prezident İlham Əliyevin Sərəncamına əsasən, 12 min nəfərə yaxın əhalinin istifadə edəcəyi Qusar-İmamqulukənd-Quxuroba yolunun tikintisi davam etdirilir. Yol əsasının tikintisi tam başa çatdırıldıqdan sonra hava şəraiti nəzərə alınaraq yola asfaltın döşənməsi və layihədə nəzərdə tutulan digər işlər görüləcək.
Vurğulanıb ki, 2014-cü il rayonun Qənərçay kəndinin sakinləri üçün də yaddaqalan olub. Hesabat dövründə 2008-ci ildə kənddə baş verən torpaq sürüşməsi nəticəsində evləri dağılmış və yararsız vəziyyətə düşmüş sakinlər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən yeni evlər tikilib. 31 dekabr- Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramları ərəfəsində 16 fərdi yaşayış evi vətəndaşların istifadəsinə verilib.
Şura iclasında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul işçisi Arif Novruzov və Milli Məclisin deputatı Azər Badamov çıxış edərək 2014-cü ildə respublikamızda əldə olunan uğurlardan bəhs edib, qarşıda duran vəzifələrə toxunublar.
Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.