Bakıda 19 yaşlı gənc qətlə yetirilib. Hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Binəqədi Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Binəqədi rayonunun DSK ev tikinti kooperativi yolunun üzərində qətlə yetirilmiş kişi cəsədi aşkarlanıb.
Polis və prokurorluq əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində meyitin 1997-ci il təvəllüdlü Murad Aslan oğlu Hüseynova məxsus olduğu müəyyən edilib.
Elə həmin gün 1982-ci il təvəllüdlü Rövşən Ağahüseyn oğlu Ağayevin də bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi hüquq-mühafizə orqanı əməkdaşlarında şübhə yaradıb və aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qətli və bıçaqlamanı törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Arif oğlu Əhmədov tutulub.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Paytaxt ərazisində dünən də qətl hadisəsi qeydə alınıb. Səbail rayonu, Bülbül prospektində yerləşən “Kofein-klub”da 25-30 yaşlı kişi kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər alaraq, xəstəxanaya aparılarkən yolda vəfat edib.
Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində qətlə yetirilən şəxsin 1989-cu il təvəllüdlü Tural Abbasov olması müəyyən edilib. “İsti izlər”lə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1980-ci il təvəllüdlü Sadiq Fətullayev tutulub.