Masallıda yeni su xətti və kanalizasiya sistemi bu ilin birinci yarısında istifadəyə veriləcək

Masallıda yeni su xətti və kanalizasiya sistemi bu ilin birinci yarısında istifadəyə veriləcək
17:48 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+


Masallı, 5 yanvar, Bağır Əliyev, AZƏRTAC
Regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq Masallı rayonunda “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində görülən işlər son mərhələdədir.
AZƏRTAC xəbər verir ki, 2011-ci ildən icrasına başlanan layihənin bu ilin birinci yarısına qədər yekunlaşması planlaşdırılır. Yeni layihə, ümumilikdə, 8700 abonenti əhatə edəcək.
Layihəyə əsasən ümumi uzunluğu 209 min metr olan içməli su xətti mənbədən başlayaraq 7 kilometr məsafədə 630 millimetrlik borularla şəhərə qədər çəkiləcək, sonra müxtəlif diametrli borularla paylanacaq. İçməli su Viləşçay anbarının çıxışından təxminən 400 metr məsafədə yerləşən təmizləyici stansiyaya öz axını ilə daxil olacaq. Layihə çərçivəsində ən müasir təmizləyici avadanlıqların qurulması işləri aparılır. Stansiyanın maksimal gücü gündəlik 22 min kubmetr təşkil edəcək.
Artıq magistral və kanalizasiya xətlərinin çəkilişi yekunlaşıb. İçməli su xətti ilə paralel olaraq inşa olunan çirkab su şəbəkəsi və daşıyıcı kollektorların ümumi uzunluğu 203 kilometr təşkil edir. Hazırda Hüsühacılı kəndi ərazisində saniyədə 242 litr çirkab suyu təmizləmək gücünə malik təmizləyici qurğu inşa olunur.
Layihənin icrası başa çatdıqdan sonra Masallı şəhərinin, Ərkivan və Kosakül qəsəbələrinin, eləcə də şəhərin inzibati ərazisinə daxil edilən Seybətin, Səmidxanlı, İsgəndərli, Digah, Dadva yaşayış məhəllələrinin içməli suya olan tələbatı ödəniləcək və kanalizasiya təchizatı yaxşılaşacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Masallida_yeni_su_xetti_ve_kanalizasiya_sistemi_bu_ilin_birinci_yarisinda_istifadeye_verilecek-916228

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR