[ 11 Fevral 2015 11:49 ]


Bakı. Məlahət Nəcəfova - APA. “Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin regional ticarət və nəqliyyatı inkişaf etdirməklə bağlı cəhdlərini alqışlayırıq. Onları ticarət və nəqliyyat marşrutlarının şaxələndirməsi istiqamətində qonşu ölkələrlə daha sıx işləməyə çağırırıq”.

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin Mərkəzi və Cənubi Asiya ölkələri üzrə müavinin baş köməkçisi Riçard Hoqland Azərbaycanın Vaşinqtondakı səfirliyində tarixi “İpək yolu” yolunun bərpası ilə bağlı keçirilən müzakirələrdə deyib.

Onun sözlərinə görə, bu bütün regionda iqtisadi inkişafa şərait yaradacaq: “Biz Mərkəzi Asiya və Qafqazdakı bütün ölkələrin Xəzər dənizi vasitəsi ilə Türkiyədən Avropaya keçməklə, ticarət marşrutlarının şaxələndirilməsinə yönələn işlərini dəstəkləyirik. Lakin regionun potensialını genişləndirmək üçün ölkələr sərhədlərdə gecikməni aradan qaldırmaq və nəqliyyat xərclərini azaltmaq üçün birgə işləməlidir. Şimal Paylaşma Şəbəkəsinin (Northern Distribution Network) işi zamanı biz Mərkəzi Asiya və Qafqaz vasitəsi ilə malların Əfqanıstandan daşınması və gətirilməsinin şahidi olduq. Bu təcrübə Avropa və Asiya arasında etibarlı ticarət dəhlizlərinin olduğunu göstərir. Xəzər dənizi vasitəsi ilə Şərq və Qərb arasındakı əlaqələrin təkmilləşdirilməsi regionda ticarətin inkişafına şərait yaradacaq”.

R. Hoqland bildirib ki, ABŞ böyük regional iqtisadi əlaqələri hər zaman dəstəkləyəcək. Onun sözlərinə görə, Mərkəzi Asiyanın Xəzər və Qafqaz regionu, Türkiyə və Avropa ilə birləşməsi bölgə ölkələrinin inkişafı üçün vacibdir.