Bayram bazarlığı: Əliniz cibinizdə olsun!

Bayram bazarlığı: Əliniz cibinizdə olsun!
18:12 30 Dekabr 2014
365 Sosial
Ölkə mətbuatı
A- A+

Yeni ilə iki gün qaldı. Hər bir ailə bayram axşamında yaxşı süfrə açmaq istəyir. Amma bayram ərəfəsində artıq bir adət olaraq qiymətlərin artması bu planları pozur.

Paytaxt sakini Fariz Ağayevin sözlərinə görə, hər il bayram ərəfəsində qiymət artımı qanını qaraldır: "Amma nə edim, almağa məcburam. Uşaqlar sevinclə bayramın gəlişini gözləyirlər. Düzdür, bəzi məhsulların qiyməti stabil qalıb. Lakin yeni il süfrəsi üçün tələb olunan qida məhsullarının əksəriyyətinin qiyməti 20-30 qəpik artıb. Bəzi məhsulların qiyməti isə daha çox qaldırılıb. Məsələn, qoz ləpəsinin kilosu 6 manat 50 qəpik idisə, indi 9 manat olub".

Digər alıcı Mərsiyyə Məmmədova dörd nəfərlik ailəsi üçün imkanına uyğun orta süfrə açacaq. Bayram süfrəsini quzu ətindən hazırladığı qara və plov, yarpaq dolması, kartofla toyuq qızartması, balıq qızartması, qoyun ətindən kabab, "paytaxt" və "mimoza" salatları, təbii və qazlı içkilər, pendir, kolbasa, göyərti və turşu ilə bəzəyəcək. Həmsöhbətimiz təsvir etdiyi bayram süfrəsinin açılması üçün aldığı məhsulları və qiymətləri sadalayır. Beləliklə, dörd nəfərlik ailə üçün aşın hazırlanmasına - 2 kq düyü - 4 manat, quzu əti 2 kq - 20 manat, aşın qarası üçün 1 kq şabalıd - 6 manat, ərik qurusu 1 kq - 5 manat, gavalı turşusu 1 kq - 5 manat, kişmiş 1 kq - 5 manat, şit yağ - 1 kq 7 manat, soğan 1 kq - 50 qəpik; yarpaq dolmasının hazırlanmasına - yarpaq - 3 manat, mal əti 2 kq - 16 manat; kartofla toyuq qızartmasının hazırlanmasına və salatlar üçün - kartof 3 kq - 3 manat, toyuq 2 dənə - 10 manat; balıq qızartmasının hazırlanmasına - 1 kq balıq - 5 manat; qoyun ətindən kabab üçün 3 kq - 30 manat, 1 torba kömür 3 manat 50 qəpik; "paytaxt" və "mimoza" salatlarının hazırlanmasına - mayonez - 2 manat 40 qəpik, yaşıl noxud - 1 manat 50 qəpik, kök 1 kq - 1 manat, göyərti 6 dəst - 1 manat, xiyar turşusu və süfrə üçün lazım olan digər turşular birlikdə 2 kq - 5 manat, yumurta 10 ədəd - 1 manat, holland pendiri (süfrə üçün də) 1 kq - 7 manat; süfrə üçün kolbasa - 5 manat, ağ pendir yarım kilo - 2 manat 50 qəpik; içkilər - təbii şirə 2 ədəd - 2 manat, qazlı içki 1 ədəd - 60 qəpik; şirniyyatlardan 1 tort - 25 manat, konfet 1 kq - 5 manat, müxtəlif şirniyyat 1 kq - 3 manat 50 qəpik; meyvələrdən hərəsi 1 kq olmaqla portağal- 1 manat 50 qəpik, alma - 1 manat, armud - 2 manat 50 qəpik, nar - 2 manat 50 qəpik, portağal - 1 manat 50 qəpik, ananas - 5 manat, banan - 2 manat 50 qəpik, kivi - 2 manat 50 qəpik qida məhsulları alınıb.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, bu gün bazarda qiymətlərin qalxmasını müşahidə olunur: "Əvvəlki günlərə nisbətən pərakəndə və topdan satış məntəqələrində 30-50 faiz artım müşahidə olunmaqdadır. Bununla yanaşı, yeni il hədiyyələrinin məhsullarının satışında da süni qiymət artımı tətbiq olunur. Hətta həftə sonu təşkil olunan kənd təsərrüfatı yarmarkalarında da qiymət əvvəlki dövrlərə nisbətən artıb".

İqtisadçı bildirir ki, qiymət artımının bir sıra səbəbləri var: "Əhalinin bayramla bağlı olaraq alış-verişinin artması nəticəsində məhsullara tələbat artır. Nəticədə satıcılar da qiymətləri bahalaşdırır. Bayrama doğru vaxt azaldıqca bir sıra məhsulların təchizatında çətinliklər yaranır ki, bu da qiymətin artmasına təsir göstərir. Bəzi hallarda nəzarətsizlik səbəbindən bir sıra işbazlar məhsullarının qiymətlərini süni şəkildə artırırlar. Bayram öncəsi, həm də ilin sonunun olması ilə əlaqədar əhalinin müavinətləri, pensiya ödəmələri, əmək haqqları vaxtından daha tez ödənilmişdir. Bu da əhalinin alıcılıq qabiliyyətinin artmasına təsir edib".

Onun dediyinə görə, yarmarkalarda süni qiymət artımının qarşısı alınmalıdır. Həmçinin bir sıra ticarət obyektlərində istehlakçıların hüquqlarının pozulması hallarına qarşı mübarizə gücləndirilməlidir. "Hesab edirəm ki, bu işdə əhali daha aktiv olmalı və istehlakçıların mənafeyinə ziyan gətirəcək halların baş verməsi ilə bağlı məlumatı müvafiq dövlət qurumlarına vaxtında çatdırmalıdır".

Bayram süfrəsi üçün alış-verişlə bağlı qiymətlərlə tanış olmaq üçün marketlərə baş çəkdik. Misal üçün, paytaxtdakı iri marketlərin birində xama hədiyyəli 1 manat 42 qəpik, hədiyyəsiz 1 manat, xama "Romaşka" - irisi 1 manat 95 qəpik, balacası 1 manat 35 qəpik; mayonez 1 manat 95 qəpik, yaşıl noxud (balaca banka) 1 manat 65 qəpik, qarğıdalı konserv dənləri - 1 manat 75 qəpik, zeytun yağları 3 - 5 manat, qarğıdalı və günəbaxan yağları - 1 manat 65 qəpik, 1 manat 80 qəpik, tamaşa düyüsü 1 kq 1 manat 70 qəpik, şabalıd 4 manat 99 qəpik, mal əti 1 kq - 8 manat, quzu ət 1 kq. - 10 manat 42 qəpik, balıqlar 1 kq olmaqla qızıl balıq - 13 manat, forel - 10 manat 50 qəpik, kütüm 9 manat 80 qəpik, xanı 4 manat 50 qəpik, sudak 8 manat 50 qəpik, belamor 7 manat 20 qəpikdir.

Marketlərdə alış-verişdə canlanma hiss olunsa da, bazarlar alıcı sarıdan korluq çəkir. "Vosmoy bazarı"ndakı satıcıların bəziləri qiymət artımı olmadığını desələr də, əkəriyyəti bayramla əlaqədar malları baha çatdıqlarını etiraf edirlər. Satıcı İlham Qocayevin sözlərinə görə, keçən ilə baxdıqda bu il alver çox zəifdir: "Əlbəttə, bayramla əlaqədar alver bir az artıb" deyən İ.Qocayev əsasən yeni il süfrəsi üçün tələb olunan ərzaqların qiymətində artım olduğunu bildirir. Dediyinə görə, pomidorun, badımcanın, xiyarın qiyməti artıb. "Əvvəllər soğanın kiloqramı 40 qəpik idisə, indi 50-70 qəpikdir. Kartofu Gədəbəydən 60 qəpik alırdıq. İndi 1 manat 20 qəpikdir".

Bununla belə, o, bayram günü qiymətlərdə endirimlər olunacağını bildirir: "Qiymətləri bayram günü aşağı edirəm ki, müştərilər alsın. Alver yoxdur deyə məcburi satmalıyıq. Həftə sonu təşkil olunan yarmarkalar də bizim bazarımızı "öldürürüb"".

Alıcıların əksəriyyəti bazarlarda düzgün çəki olmadığını deyərək, marketlərə üstünlük verirlər. Amma müsahibimiz bu iddia ilə razılaşmır. Dediyinə görə, bazarın rəhbərliyi nəzarət tərəzi qoydurub. Belə ki, çəkinin düzgün olmadığın düşünən alıcılar aldıqları məhsulları həmin nəzarət tərəzisində çəkə bilərlər.

Onun sözlərinə görə, Ordubad ləpəsi 13 manat, Zaqatala ləpəsi 12 manat, Şəki ləpəsi 10-11 manatdır: "8 manata olan ləpələr isə digərlərindən seçilənlər, bir az görünüşü pis olanlardır. Şabalıdın kq-ı 5-8 manat, kişmiş 5-6 manat, ərik qurusu 7 manatdır. Meyvə turşularısa 2 manatdır".

Qeyd edək ki, yarmarkalarda ən ucuz almanı 50 qəpiyə almaq olarsa, "Vosmoy bazarı"nda 4 kq-ı 1 manata da tapmaq olar. Məsələn, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığındakı yarmarkada qiymətlər "Vosmoy bazarı" ilə demək olar ki, eynidir.

Tərəvəz satan Zaur İlyasovun sözlərinə görə, bayram günlərindən əvvəl pomidor satışı 1 manat 50 qəpik idisə, indi 2 manat 50 qəpik olub: "Xiyarı 1 manat 30 qəpiyə satırdıq, indi 1 manat 70 qəpik olub. Bibər 2 manat 50 qəpik idisə, indi 3 manata qalxıb. Badımcan, kök, kələmin qiyməti isə qalxmayıb".

Satıcı Barat Quliyev də qiymətlərin qalxdığını etiraf edib: "Yaşıl bibərin kilosu 2 manat 50 qəpik idi. İndi 3 manat satırıq. Badımcan əvvəllər 1 manat 40 qəpik idisə, indi 1 manat 80 qəpik - 2 manat olub".

Meyvələrin də qiymətində artım müşahidə olunur. Məsələn, mandarinin kilosu 1 manat idisə, bayram ərəfəsində 1 manat 50 qəpik olub. Ananas 5-6 manatdır. Halbuki əvvəllər 2-3 manata satılırdı. Banan və kivinin də qiyməti 30-40 qəpik artıb.

Qeyd edək ki, "Vosmoy bazarı"nda 1 kq quzu əti 10 manat 50 qəpik, dana ətini 8 manata almaq olar. Kənd çolpaları 3 manat 50 qəpik- 4 manat, qaz 16 manat, hinduşka 20 manata satılır.

Süfrələrin bəzəyi plov bişirmək üçün düyülərə gəlincə, "Müjdə" düyüsü 2 manat 50 qəpik, "Tamaşa", "Şahənşah", "Sultan" düyüləri 1 manat 80 qəpikdir.

Balıqlara gəlincə, marketlərə nisbətən bazarlarda qiymətlər xeyli aşağıdır. Belə ki, 1 kq belamor 5 manat 50 qəpik, sazan 5 manat, xan balığı 4 manatdır.

Beləcə, dördnəfərlik ailəyə bayram süfrəsi açmaq üçün 197 manat 50 qəpik lazımdır. Hər kəsə bol süfrə arzusuyla...

Ekspress.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR