Budapeşt, 18 yanvar, AZƏRTAC
Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən qəbul edilən qaçqınların sayına limit qoyulması Avropa haqlarına zidd olacaq. Bu gün Lüksemburqda Avropa Məhkəməsinin sədri Kun Lenarts “Neue Osnabrücker Zeitung” qəzetinə müsahibəsində deyib: “Aİ-də qüvvədə olan qanunlara uyğun olaraq, qaçqın statusuna iddia etmək hüququ olan hər kəs bu statusa sahib olmalıdır. Mövcud vəziyyət konkret miqdarın və ya yuxarı sərhədin qoyulması ilə pis uzlaşır.
Lenarts Avropa İttifaqı ölkələrinin miqrasiya böhranını aradan qaldırmaq bacarığını müsbət qiymətləndirib. Avropa Məhkəməsinin sədri güman edir ki, bu problem Aİ-nin dağılmasına gətirib çıxarmayacaq, Avropa İttifaqı əvvəllər öhdəsinə düşən bir çox digər problemləri aradan qaldırdığı kimi, bunun da öhdəsindən gələcək.
O, həmçinin xatırladıb ki, Avropa İttifaqı həmişə Qaçqınların Statusu haqqında Cenevrə Konvensiyasına uyğun olaraq hərəkət etməlidir. Ona görə də Aİ-nin bütün üzv dövlətləri qaçqınların sənədlərinin və statusunun yoxlanmasının aparıldığı müddətdə miqrantların yerləşdirilməsində ümumi minimal standartlara riayət etməlidirlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt