Bakı, 27 yanvar, AZƏRTAC
Rusiyada elektron məktəb layihəsi 2016-cı il dekabr ayında start götürəcək. Vladimir Putin yanvarın 27-də hökumət üzvləri ilə keçirdiyi iclasda bu təşəbbüsü dəstəkləyib.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, baş nazirin müavini Olqa Qolodets layihənin ilk mərhələdə açıq ümumtəhsil vəsaiti kimi bütün siniflərdə tətbiq olunacağını, 2018-ci ildən etibarən isə onun adi məktəb kimi fəaliyyət göstərəcəyini bildirib.
“Elektron məktəbə qəbul olaraq təhsil almaq və təhsil haqqında sertifikat əldə etmək mümkün olacaq. Bu məktəbin layihə gücü 1 milyon nəfər təşkil edir. Ümid edirik ki, 2020-ci ilə qədər tam gücümüzlə fəaliyyət göstərə biləcəyik”, - deyə o, əlavə edib.
Baş nazirin müavini, həmçinin elektron məktəbin Rusiyanın bəzi rayonlarında təhsilin inkişafına ciddi kömək olacağını vurğulayıb.
Xatırladaq ki, bu layihə Rusiyanın təhsil naziri Dimitri Livanov tərəfindən irəli sürülüb. O, eyni zamanda bütün dərs vəsaitlərinin elektron versiyasının hazırlanacağını vəd edib.