Bakı, 27 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin yanvarın 27-də keçirilən növbəti iclasında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2015-ci ilin yekunlarına dair hesabatı dinlənilib.
AZƏRTAC xəbər verir ki, hesabat ilində bölmədə yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov məlumat verib.
Bildirilib ki, ötən il bölmənin müəssisələrində 22 elmi problemə aid 78 mövzu üzrə 317 tədqiqat işi aparılıb. İyirmi altı elmi-tədqiqat işinin nəticəsinin tətbiqi üzrə plana müvafiq tədbirlər icra edilib, 20 nəticə isə artıq tətbiq olunub. Bölmənin əməkdaşları yeddisi xaricdə olmaqla 10 monoqrafiya, beşi xaricdə olmaqla 43 kitab, 9 dərslik və elmi-kütləvi nəşr çap etdiriblər. Həmçinin 33 dissertasiya işi müdafiə edilib, 34 iş isə müdafiəyə hazırlanır.
N.Məmmədov qeyd edib ki, ötən il 1136 məqalə dərc olunub ki, onlardan 349-u impakt faktorlu, 691-i nüfuzlu xarici elmi jurnallarda yer alıb.
Bölmənin hesabat məruzəsi dinlənildikdən və müzakirələrdən sonra qənaətbəxş hesab olunub və rəyasət heyətinin qərarı ilə AMEA-nın illik hesabatına daxil edilib.