Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) rektoru, professor Ədalət Muradov “Gənc professorlar” layihəsinin iştirakçıları ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ə.Muradov ADİU-nun həyatında mühüm rol oynayan gənc professorları daha fəal olmağa çağırıb, onlara tövsiyələrini verib. Bildirilib ki, gənc professorlar tədqiqat işlərini müvafiq qaydalarda nəzərdə tutulan müddət çərçivəsində yekunlaşdırmalı, birgə elmi əməkdaşlığı dərinləşdirməli, yüksək reytinqli beynəlxalq jurnallarda birgə məqalələrlə, həmçinin milli və beynəlxalq elmi müsabiqələrdə birgə layihələrlə çıxış etməlidirlər. Rektor gənc professorlara universitetin gənc müəllimlərinə dəstək göstərməyi, təcrübələrini onlarla bölüşməyi tövsiyə edib.
Ə.Muradov elmi-tədqiqatlarını genişləndirmək və təcrübələrini daha da artırmaq məqsədilə gənc professorların mütəmadi olaraq nüfuzlu xarici universitetlərə və elmi-tədqiqat mərkəzlərinə ezam ediləcəklərini bildirib.
Tədbirdə Azərbaycanın iqtisadi inkişafının yeni mərhələsində layihə iştirakçılarının apardıqları tədqiqatların ölkə üçün böyük əhəmiyyəti qeyd edilib, bu tədqiqatların nəticələrinin mütəmadi olaraq geniş ictimaiyyətə çatdırılmasının vacibliyi vurğulanıb.
Sonda layihə iştirakçıları fəaliyyətləri barədə danışıb, birgə elmi əməkdaşlığın əsas istiqamətlərini müzakirə ediblər.